Süni intellekt yaradıcılığı: Müəllif kim hesab edilir?

Texnologiyanın inkişafı ilə yaradıcılığın sərhədləri sürətlə dəyişir. Əgər bir vaxtlar yazıçı qələmlə, rəssam fırçayla, bəstəkar isə notlarla yaradırdısa, bu gün süni intellekt eyni işi bir neçə saniyəyə yerinə yetirə bilir. Artıq süni intellekt şəkil çəkə, musiqi bəstələyə, məqalə, film ssenarisi, hətta roman yaza bilir. Bununla da yaradıcılıq sahəsində köklü bir dönüş yaranıb: ideya, ifadə və müəlliflik məsələləri insanın inhisarından çıxmağa başlayıb.
Bəs belə olan halda, bu əsərlərin müəllifi kim sayılmalıdır? Proqramı hazırlayan mühəndis, onu istifadə edən insan, yoxsa əsəri faktiki yaradan alqoritmin özü? Texnologiya nə dərəcədə yaradıcı ola bilər və müəlliflik hüququ kimə məxsusdur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən süni intellekt sahəsi üzrə mütəxəssis Ümid Salay bildirib ki, süni intellektin əsər yarada bilməsi müəlliflik anlayışını kökündən dəyişib.
Onun sözlərinə görə, əsərin yaranmasında iki əsas “agent” iştirak edir — onu yönləndirən insan və modeli özü:
“Hüquqi baxımdan süni intellekt hələ "şəxsiyyət" statusuna malik deyil. Yəni o, müəllif kimi tanına bilmir. Buna görə də müəlliflik hüquqları və yaradıcılıq məsuliyyəti hələlik insana məxsusdur. Amma mədəni və fəlsəfi səviyyədə məsələ daha mürəkkəbdir. Əgər insan ideyanı, məqsədi və istiqaməti müəyyənləşdirirsə, süni intellekt isə həmin ideyanı formaya salırsa, biz artıq "birgə yaradıcılıqdan" danışırıq”.

Ekspertin fikrincə, süni intellekt müəllif deyil, amma “yeni növ müəlliflik” anlayışının, yəni “ko-kreativ” (birgə yaradıcı) modelin yaranmasına səbəb olub:
“Əslində, yaradıcılığın mahiyyəti texnologiyada deyil, niyyətdə gizlidir. Süni intellekt "nəyi və necə yaradır sualına cavab verə bilər, amma "niyə yaradır" sualına yox. Buna görə də gələcəkdə müəlliflik anlayışı yalnız "kim yazdı?" deyil, "yaradıcı niyyət kimindir?" sualı üzərindən dəyərləndiriləcək”.
Ümid Salay əlavə edib ki, yaxın illərdə “AI-assisted” (süni intellektin köməyi ilə yaradılan) və “AI-generated” (tam süni intellekt tərəfindən yaradılan) əsərlər üçün xüsusi hüquqi və mədəni çərçivə formalaşa bilər:
“Çünki artıq insanla texnologiya arasındakı sərhədlər getdikcə bulanıqlaşır. Bu reallıq hüquq sistemindən tutmuş yaradıcılıq dəyərlərinə qədər bir çox anlayışın yenidən nəzərdən keçirilməsini tələb edəcək”.
Firuzə Əliyeva
Sfera.az






