Üç yaşlı uşaq 21 maqnit uddu

Türkiyənin Kocaeli şəhərində öskürək şikayəti ilə xəstəxanaya gətirilən 3 yaşlı uşağın maqnitli oyuncaq hissələri udduğu məlum olub.
Sfera.az xəbər verir ki, uşağın müayinəsi zamanı 25 hissədən ibarət maqnitli oyuncağın bir qismini udduğu müəyyənləşdirilib.
Rentgen müayinəsində maqnitlərdən 2-nin nəfəs borusunun yaxınlığında, 19-nun mədədə, 4-nün isə bağırsaqlarda olduğu aşkarlanıb.
Uşaq cərrahiyyəsi və uşaq qastroenterologiyası mütəxəssisləri tərəfindən dərhal müdaxilə edilib. Nəfəs yollarına düşmə riski olan 2 maqnit çıxarılıb. Mədədə yerləşən 19 maqnit isə endoskopik üsulla götürülüb.
Bağırsaqlara keçən 4 maqnit üçün isə uşağın vəziyyəti nəzarətdə saxlanılıb. Mütəxəssislər həmin maqnitlərin bağırsaqda deşilməyə səbəb olduğuna dair əlamət görmədikləri üçün əməliyyat aparılmasına ehtiyac olmadığını müəyyənləşdiriblər. 4-5 günlük müşahidədən sonra maqnitlərin təbii yolla orqanizmdən xaric olduğu məlum olub. Müalicəsi başa çatan uşaq xəstəxanadan evə buraxılıb.
Uşaq cərrahiyyəsi üzrə mütəxəssis Fadime Nurdan Narlı bildirib ki, maqnitlər vaxtında çıxarılmasaydı, ciddi fəsadlar yarana bilərdi. Onun sözlərinə görə, maqnitlər mədə və bağırsaqlarda deşilməyə səbəb ola, nəfəs yollarına düşən hissələr isə uşağın həyatını təhlükə altına sala bilərdi.
Uşaq qastroenterologiyası üzrə mütəxəssis Ayşə Burcum Sertel isə belə oyuncaqların kiçik yaşlı uşaqlar üçün təhlükəli olduğunu bildirib. O, rəngli maqnitlərin uşaqların diqqətini çəkdiyini və onların bu hissələri qida məhsulu hesab edərək ağızlarına ata bildiklərini qeyd edib.
Mütəxəssis valideynlərə kiçik yaşlı uşaqlar üçün bu tip maqnitli oyuncaqlar almamağı tövsiyə edib.
İradə Elsevər






