Napoleonun son döyüş yeri: Arxeoloqlar şokedici faktlar aşkar etdilər - FOTOLAR
1815-ci ildə Vaterloo döyüşündə on minlərlə əsgər ölüb və ya ağır yaralanıb. Buna baxmayaraq, döyüş yerində az sayda insan qalıqları tapılıb.
Sfera.az xəbər verir ki, yeni kəşf tarixin ən qanlı döyüşlərindən birinin gizli dəhşətlərini ortaya qoyur. Belə ki, Napoleonun son məğlubiyyətini aldığı məşhur döyüş yerinin yeni tədqiqi nəticəsində insanların və heyvan qalıqlarının kəsilmiş üzvlərinin olduğu nəhəng çuxur aşkar edilib.
1815-ci il iyunun 18-də indiki Belçika ərazisində baş verən Vaterloo döyüşü daha çox Napoleon Bonapartın əfsanəvi hərbi karyerasına son qoyduğu üçün tarixə düşüb. Komandirlərindən biri Britaniya Vellinqton hersoqu olan Avropa monarxlarının Yeddinci Koalisiyasının qoşunları Fransa ordusuna qarşı çıxıb.
Ümumilikdə 200 mindən çox əsgərin iştirak etdiyi döyüşdən bir neçə gün sonra Napoleon Müqəddəs Yelenaya sürgün edilib. O, 6 il sonra burada vəfat edib. Amma onun ordusunun məğlub əsgərlərinin kəsilmiş qalıqları döyüş yerində qalıb. Vaterloo döyüşü başa çatdıqda, təxminən 40.000 Napoleonun əsgəri öldürülmüş, yaralanmış və ya əsir düşmüşdü. Yeddinci Koalisiyanın itkiləri təxminən 22.000 əsgər olub.
Bu günə qədər döyüş meydanında yalnız iki tam skelet aşkar edilmişdir. Onlardan biri 2 il əvvəl Britaniyanın “Waterloo Uncovered” xeyriyyə təşkilatının üzvləri tərəfindən Belçikanın Mont Saint-Jean kəndi yaxınlığında aşkar edilib. Ərazinin Vellinqton hersoqu qoşunları üçün səhra xəstəxanası olduğu güman edilir.
Sentyabrda təşkilatın üzvləri Qlazqo Universitetinin arxeoloqları ilə birlikdə əvvəllər insan skeletinin aşkar edildiyi həmin yerdə qazıntı işləri aparıblar. Tapdıqları isə həqiqətən dəhşətli olub.
Qazıntılar zamanı alimlərin “qanlı çuxur” adlandırdıqları yer aşkar edilib ki, burada da əsgərlərin kəsilmiş üzvləri, bir tam insan skeleti, habelə heyvan sümüklərinə rast gəlinib.
Alimlər hesab edirlər ki, çuxur qəsdən kəsilmiş əzaları və ölü heyvanları basdırmaq üçün qazılıb ki, onların qanı səhra xəstəxanasına dolmasın. Arxeoloqlar bildirirlər ki, tarixi qeydlər döyüş günü səhra xəstəxanasında 500-dən çox amputasiyanın olduğunu göstərir. Bir neçə əzada hələ də cərrah mişarının izləri var.
Maraqlıdır ki, insan qalıqları, (xüsusilə də tam skelet aşkarlanmışlar) əsgər çantalarından hazırlanmış bir növ maneə ilə heyvan sümüklərindən ayrılır. Heyvan sümüklərinə gəlincə, alimlər bir öküz, həmçinin yeddi atın qalıqlarını aşkar ediblər. Üç atın başından vurulduğu güman edilir.
Arxeoloqlar qeyd edirlər ki, ümumi Napoleon arxeologiyasında indiyədək heç vaxt belə kütləvi dəfnə rast gəlməyiblər.
Aysel
Sfera.az