Kişilər bu tip qadınlarla sevgili olmaq istəmir - İlk sırada onlardır

Kişilər bu tip qadınlarla sevgili olmaq istəmir - İlk sırada onlardır

Cütlüklər arasında münasibətlərin uzunmüddətli olmaması böyük problemlərdən biridir. Onlar bir-biri ilə anlaşa bilmir və ayrılıq qərarı alırlar. Münasibətlərin sonlanmasında əsas günahkar kişilər göstərilir. Lakin son zamanlar bir sıra qadınların davranışları münasibətləri məhvə sürükləyir.

 

Bəs kişilərin sevmədiyi və qaçdığı qadın tipləri hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Fidan Nizamova bildirib ki, hər kişinin və qadının beynində canlandırdığı, münasibət qurmaq istədiyi və xəyallarını qurduğu insan obrazı var.

 

“Əlbəttə, göstərilən tiplər insana görə dəyişə bilər. Birinin tamamilə xoşlamadığı bir xüsusiyyət başqa biri üçün münasibəti davam etdirməyə səbəb ola bilər. Bir də kişilərin heç vaxt yaxınlaşmaq istəmədiyi tiplər var. Məsələn, hər hadisəni eyni səs tonu və bütün detalları ilə bitməz-tükənməz bir uzunluqda danışanlar ilk sıradadır. Əslində, bu tip qadınlar təkcə kişiləri deyil, bütün sosial həyatlarını itirmə riski ilə qarşı-qarşıya qala bilərlər. Nə qədər sevimli xüsusiyyətlərə sahib olsalar belə kişilərin gözünə girməyi bacarmayan digər bir qadın tipi də özünü uşaq kimi aparan, daim naz-qəmzə göstərən qadınlardır. Uşaq kimi danışan, kaprizli və çox hərəkətli olan bu qadınlar həmin cəhətlərlə əks cinsin diqqətini çəkmək istəyirlər. Həddən artıq uşaq kimi, ərköyün davranışlarla sevgi münasibətini valideyn-uşaq münasibətinə çevirən bu tip qadınlar onsuz da məsuliyyətdən, ata olmaqdan qorxan kişilərin münasibətdən uzaqlaşmasına səbəb ola bilər. Yalnız qadınlar deyil, bütün insanlar yaşlarının tələb etdiyi şəkildə, yetkin biri kimi davransalar, daha gözəl təsir bağışlaya bilərlər. Olduğundan böyük və ya kiçik görünmək istəyən insanlar cəlbedici deyil, uzaqlaşdırıcı təsir bağışlayırlar. Əgər davranışlarınız 5 yaşında uşağı xatırladırsa, bunu təcili dəyişin, hər yaşın öz gözəlliyi var, bu gözəlliyi yaşayın”.

 

Psixoloq qeyd edib ki, hər söhbətə qarışan, özünü hər işin biləni kimi göstərən qadınlar da kişilər tərəfindən arzu olunmur.

 

“Kişinin bütün həyatına, işinə qarışmaq, onu idarə etmək istəyən qadınlar bu davranışlarla onları olduqca narahat edirlər. Həm də bu vəziyyət sevgi enerjisini yox edən bir haldır. Hər şeyi bildiyini zənn etmənin bir addım sonrası günahlandırmaqdır. Bu tip qadınlar günahlandırıcı rolu öz üzərlərinə götürürlər.

 

 

Pul hərisi olan qadınlar da kişilərin uzaq durmağa çalışdığı tiplərdir. Bu qadınlar pulu olan kişilərlə münasibət qurmağa çalışar, yaxın olduğu insanın bu münasibət əvəzində onlara hədiyyələr almasının vacib olduğunu düşünərlər. Çox zaman bunu əldə etməyə bacarıqları da olur. Amma belələri, əsasən, kişilərin sevmədiyi qadın tipidir. Kişilər bu qadınların onları sevmədiyini, yalnız ondan faydalanmaq üçün münasibəti davam etdirdiyini düşünürlər. Onlar artıq kişilərin də müstəqil, öz karyerasını qurmuş, şəxsi həyatını öz imkanları hesabına davam etdirə biləcək gücdə olan qadınları seçdiklərini bilməlidirlər. Münasibətlərdə əvəz ödəmək deyə bir şey olmaz, tərəflər bir-birilərinə içdən gələn jestlər edə bilərlər, amma bu, bir məcburiyyət deyil. Bu cür düşünə bilirsinizsə, öz münasibətinizdə hər şeyi qarşı tərəfdən gözləməməli, ortaq nöqtənin sevgi olmasına şərait yaratmalısınız.

 

 

Depressiv qadınlar kişilərin anlaya bilmədiyi və birlikdə olanda çox sıxıldığı qadın tipidir. Daim bir dərdləri, təəssüflə danışacağı problemləri olur. Davamlı olaraq diqqət mərkəzində olmaq istəyər, bir an diqqət çəkilən kimi tragik bir vəziyyət yaradar, diqqəti yenidən üzərlərinə çəkmək istəyərlər. Daim qaş-qabaqlı, kimsənin anlamadığı bir dərdləri olan "dərin" qadınlardır. Əgər, həqiqətən, depressiyadasınızsa, bir psixoloqa müraciət edin, probleminizi həll etməyə çalışın. Yox, ancaq diqqət görmək üçün belə davranırsınızsa, yanılırsınız. Çünki kişilər adətən xoşbəxt, şən, birlikdə əylənəbiləcəyi qadınlara üstünlük verirlər.

 

 

Tər qoxusu gələn, geyimləri çirkli, əl-ayaq təmizliyinə fikir verməyən qadınların kişilərin dünyasında heç şansı yoxdur. Kişilər daxili gözəllik qədər xarici gözəlliyə, ən azından təmizliyə önəm verirlər. Görünüşünüzə, geyimlərinizə önəm vermək şəxsiyyətinizin bir hissəsi, özünüzə verdiyiniz dəyər, göstərdiyiniz sevgi və hörmətin nəticəsidir. Dünya gözəli olmağa ehtiyac yoxdur, sadəcə, ola biləcəyinizin ən yaxşısı olmağa çalışın”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR