“Nə oldu yeyirəm, xüsusi pəhrizim yoxdur” - Dünyanın ən yaşlı adamı
Hazırda dünyanın ən yaşlı adamı olan 112 yaşlı Con Tinnisvud bu qədər uzun müddət yaşamağının sirrini bilmədiyini deyib.
Sfera.az xəbər verir ki, ad gününü qeyd edən Tinnisvud BBC-yə müsahibə verib.
BBC-nin məlumatına görə, 26 avqust 1912-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olan Con Tinnisvud 112 yaşını Ginnesin Rekordlar Kitabı sertifikatı ilə çəkdirdiyi foto ilə qeyd edib. Ginnes rəsmiləri ilə danışan Tinnisvud uzun yaşaması ilə bağlı heç bir fikrinin olmadığını deyib:
“Uzun ömür yaşamağın sirri yoxdur. Gənc ikən kifayət qədər aktiv olmuşam və çox gəzmişəm. Aktiv həyat tərzi keçirən, gəzməyi sevən insanlar çoxdur. Amma onların hamısı çox yaşamır. Uzun və ya qısa ömür yaşaya bilərsiniz, bununla bağlı görüləsi çox şey yoxdur. Heç bir xüsusi sirr bilmirəm. Düşünmürəm ki, mən fərqli insanam”.
Con Tinnisvud “Shell” və BP şirkətlərində mühasib işləyib, 1972-ci ildə pensiyaya çıxıb. Tinnisvood hər cümə günü balıq və cipsi yeyir, müntəzəm yemək rejimi yoxdur:
"Hər kəs kimi, nə gəlirsə yeyirəm, mənim xüsusi pəhrizim yoxdur."
Vasif