8 Avqust həm də onların GÜNÜDÜR
Bütün dünyada avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur.
Sfera.az xəbər verir ki, bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.
Avqustun 8-i həmçinin dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü qeyd olunur. Bu bayram sərhəd tanımır, ruhən möhkəm kişiləri və qadınları birləşdirir.Bu bayramın meydana çıxmasında iki cəsur isveçrəli – həkim Mişel-Qabriel Pakkarda və dağ bələdçisi Jak Balmaya borcluyuq. Onlar 1786-cı il avqustun 8-də bütün alpinistlər arasında ilk olaraq Alp dağlarının ən yüksək zirvəsini – Monblanı fəth ediblər. Bu zirvə dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşir. Həmin vaxta qədər Monblan zirvəsini fəth etmək cəhdləri çox olsa da, buna ilk nail olanlar məhz həmin şəxslər olublar. O gündən dünya alpinistləri Alp dağlarının ən yüksək zirvəsinin fəth olunmasını öz bayramları kimi qeyd edirlər.
8 avqustu yalnız dağ zirvələrini fəth edənlər deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar öz bayramları hesab edirlər. Dünyada hər il göydələnlərin, çoxmərtəbəli binaların sayı daha da artır. Bu sahə üzrə mütəxəssislər binaların fasadlarını və pəncərələrini yuyur, rəngləyir, təmir edir, qardan və sırsıradan təmizləyir, kondisionerləri montaj edirlər.
Ülkər Abdurahmanlı