Azərbaycanlı qadın heykəltaraşın dövlət arxivinə yazdığı məktub əsasında film ÇƏKİLDİ

Azərbaycanlı qadın heykəltaraşın dövlət arxivinə yazdığı məktub əsasında film ÇƏKİLDİ

Azərbaycanın ilk monumentalçı qadın heykəltaraşı Münəvvər Rzayeva haqqında film nümayiş olunub.

 

Sfera.az xəbər verir ki, onun Azərbaycan Dövlət Arxivinə yazdığı məktub əsasında çəkilən film "Baku TV"də "Münəvvər Rzayeva: Böyük həyatın səhifələri" adı ilə efirə gedib. İyunun 28-də isə rəsmi təqdimatı olacaq.

 

Qadın sənətçi məktubunda öz həyat hekayəsindən bəhs edib. M.Rzayeva məktubda müharibənin bitməsindən və təhsilindən yazıb: “Müharibə bitdi, Bakıya qayıtdıq, təhsil haqqında düşünürəm, heç bir texnikum ürəyimə yatmır. Bibim oğlu Rəssamlıq Texnikumuna sənəd verdi. O, mənim çarəsiz qaldığımı görüb təhsil alacağı texnikumda tikiş fakültəsinə sənəd verməyimi təklif etdi. O bildirdi ki, Münəvvər, mən sənə hər cür köməklik göstərərəm, al, bu dolça, yanında da stəkan, çəkə bilsən, demək, səndə nəsə var. Mən həmin natürmortu çəkdim. Axşama kimi üç-dörd belə şəkil çəkdim. Çəkdiklərimi götürüb direktora göstərmək qərarına gəldim. Direktor dedi ki, qızım, buyur, bu kağız, bu da karandaş, akvareldən imtahan ver. O, sulu boyanı mənə uzadaraq natürmortu çəkməyimi istədi. Mən də qatı rənglərlə dolçanı boyadım”.

 

Sənətçi məktubda rəssamlıq fakültəsinə qəbul olmaqdan, daha sonra direktorun onu heykəltaraşlıq fakültəsinə göndərməyindən də danışıb.

 

“Qonşumuz Toğrul Nərimanbəyovun otağa daxil olduğunu görcək biraz rahatladım. İmtahan verməyimi isə Sabir dəhlizdə ona bildirmişdi. Sabir çəkdiyim şəkilə baxaraq güldü. Mənim yerimə keçərək bir banka su ilə həmin qatlaşmış rəsmi sildi və dedi ki, bunu direktora verim. Rəsmə baxıb kədərləndim, suyu axa-axa aparıb direktora verdim. O, bir mənə baxdı bir də şəkilə, daha sonra dedi ki, qızım, sən niyə tikiş fakültəsinə gedirsən, mən səni rəssamlıq fakültəsinə göndərirəm. O gündən rəssamlıq fakültəsində təhsil almağa başladım. Dərslər yeni başlamışdı direktor məni yanına çağırıb dedi ki, gəl səni heykəltaraşlıq fakültəsinə göndərim”, - o yazıb.

 

Məktub əsasında çəkilən filmdə M.Rzayevanın heykəltaraşlıqla bağlı sərgiləri barədə də məlumat verilib. Qeyd olunub ki, onun ilk sərgisi 1953-cü ildə təqdim edilib. Vurğulanıb ki, o, İkinci Respublika sərgisində qadın alpinist əsəri ilə çıxış edib.

 

“Üçüncü sərgim böyük Türk şairi Nazim Hikmətin portreti oldu. Mənim birinci evim Surikov adına Universitet idisə, ikinci evim Nazim Hikmətin evi oldu. Bu evdə çox şey öyrəndim. Nazim Hikmətin mənəvi qızı idim. Onun ədəb-ərkanı ağayanalığına vurğun idim”, - filmdə qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR