Robert Kennedi və Merilin Monro niyə ÖLDÜRÜLDÜ? - MARAQLI FAKTLAR

Robert Kennedi və Merilin Monro niyə ÖLDÜRÜLDÜ? - MARAQLI FAKTLAR

“Kennedi lənəti”

 

Qardaşından cəmi 5 il sonra öldürülən Robert Kennedi... Bu ad çoxlarına tanışdır, həm sui-qəsdin qurbanı olan məşhur amerikalı diplomat, həm qardaşı Con kimi  (ABŞ prezidenti) Kennedilərin uğurlu siması, həm də aktrisa Merilin Monronun baş rolda olduğu “sevgi üçbucağı”nın iştirakçılarından biri kimi. ABŞ-nin tarixində iz qoymuş şəxslərdən Robert Kennedinin qətlə yetirildiyi gündür.

 

Sfera.az onunla bağlı maraqlı məlumatları təqdim edir. Əvvəlcə qeyd edək ki, Robert 20 noyabr 1925-ci ildə anadan olub. Harvard və Virciniya Universitetinin Hüquq fakültəsini bitirib.  

 

Qardaşı ilə eyni taleyi yaşayan Robert Kennedinin ölümünün arxasında da bəzi sirr pərdələri var idi. Həmişə köməksiz insanların, xüsusən də qaradərililərin tərəfində olan və buna görə də siyasi cəhətdən güclü şəxsiyyətə çevrilən Robert, görünür, bəzilərinin “gözünün götürmədiyi” obraz olub. Hətta düşünülürdü ki, o, ölməsə və namizədliyini irəli sürsə idi, ABŞ-nin ən yaxşı prezidentləri sırasında ola bilərdi. Həmin zaman ictimaiyyətin əksəriyyəti Robert Kennedinin prezident olmasını ürəkdən istəyirdi. Onun yaxın dostları xalq arasında "Kennedi lənəti" kimi tanınan sui-qəsd hadisəsini indi də araşdırırlar. Çünki Robertin ölüm işindəki dəlillərin çoxu məhv edilmiş və cinayət işi sürətlə bağlanmışdı. 

 

“Laboratoriya siçanı”,  yoxsa qatil?

 

Kaliforniyada keçirilən praymerizdə qalib gəldikdən sonra Demokrat Partiyasının sədrliyi üçün böyük üstünlük əldə edən Kennedi bu hadisədən cəmi bir neçə saat sonra Los-Ancelesdəki “Ambassador” otelində güllələndi. Sirhan Sirhan adlı fələstinli gənc tərəfindən 3 güllə yarası alan Kennedi 26 saat həyat mübarizəsi aparsa da, məğlub oldu. Əsl sual isə Kennedini vuran Sirhan Sirhan saxlanılandan sonra ortaya çıxdı.  Maraqlıdır ki, o, tutulandan sonra yaddaşını itirir, hadisəni xatırlamır. Sui-qəsd nəzəriyyələrinə görə, Sirhan Sirhan Soyuq Müharibə dövründə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) xüsusi bir təcrübə çərçivəsində təlim keçib. Bu təcrübənin əsas məqsədi insan şüurunun sıfırlanması və yenidən proqramlaşdırılmasından ibarət idi. Nəticədə qatil tutulsa belə, sorğu-sual edilməyəcəkdi. Sirhan Sirhan ələ keçirildikdən sonra heç nə xatırlamadığını söyləyib. Şayiələrə görə, Robert Kennedinin Vyetnam müharibəsinə mənfi münasibəti, müharibənin yaradacağı vəziyyətə əsasən inkişaf edəcək bəzi şirkətlər tərəfindən birmənalı qarşılanmayıb. Bu səbəbdən sui-qəsdin CİA tərəfindən planlaşdırıldığı iddia olunub. Sirhan Sirhan bu gün də həbsdədir və hələ də həyata keçirdiyi sui-qəsddə şüursuz şəkildə iştirak etdiyini iddia edir. 2009-cu ildə onun barəsində ölüm hökmü çıxarılsa da, Edvard Kennedi bu vəziyyətə etiraz edib.

 

“Sevgi üçbucağı”, təhlükəli münasibət...

 

1960-cı illərdə ABŞ-ni sarsıdan, qadağan olunmuş məhəbbət hekayəsi – Söhbət Merilin Monro, Con Kennedi və qardaşı Robert Kennedidən gedir. Bir tərəfdə 20-ci əsrin ən məşhur kino ulduzlarından və seks simvollarından biri olan Monro, digər tərəfdə isə gənc, xarizmatik ABŞ prezidenti Con Kennedi... Dünyanın iki ən ikonik siması arasında eşq macərası yaşanarkən, Robert Kennedinin də bura daxil olması məsələni daha da qalmaqallı vəziyyətə gətirir. Merilin ilə Conun tanışlığı Kennedinin bacısı sayəsində olub. Belə ki, Monro əvvəlcə Kennedinin bacısı, sonra isə qardaşı Robertlə tanış olur. Bütünlüklə ailəyə daxil olan aktrisa ardınca Con Kennedi ilə Nyu-Yorkda baş tutan ziyafətlərin birində qarşılaşır və ona aşiq olur. Sosial mövqelərinə görə həmin gecə flört etmək fürsəti əldə edə bilməyən ikili 1962-ci ilin mart ayında “Palm Springs”dəki bir oteldə həftə sonunu birlikdə keçirir. Təbii ki, birlikdə keçirdikləri bu həftəsonunda onların yaxınlaşmaları hər kəsin təxmin etdiyi bir detaldır... Lakin əsl faciə bundan sonra başlayır.. Artur Millerlə evliliyi bitdikdən sonra Merilin çətin anlar yaşayır. Belə bir zamanda həyatına girən Kennedini də itirmək istəmir və bu məsələdə ciddi narahatlıq keçirir. Təbii ki, bu baş verərkən şayiələr sürətlə yayılır.

 

Ağ Evə gələn zəng və Merilini şoka salan cümlələr....

 

Con Kennedi isə artıq Merilinlə heç bir münasibət istəmirdi. Bunun səbəbi isə həyat yoldaşı Ceklinlə daha rahat həyatının olması, aktrisanın ona problem yaratma ehtimalı idi. Kennedi düşünürdü ki, Merilin onu digər qadınlara da qısqanır və bu, onun kariyerasına da maneə yaradacaq. Baş verənlər Conun həyat yoldaşı Ceklinin də qulağına çatır. Belə ki, Merilin bir daha eşq acısını yaşamamaq üçün Condan əl çəkmir. Prezidentə çatmağa görə yüzlərlə zənglər edir, yaxın dostları ilə məktublar yazır, Ağ Evə mesajlar göndərir, nəhayət, Conun həyat yoldaşı Ceklinlə əlaqə yaradır. Merilin bir gün ona zəng edərək Conla münasibətlərinin olduğunu, buna görə də prezidentin ondan boşanmaq fikrində olduğunu bildirir. Lakin aktrisa qarşı tərəfin cavabı ilə şoka düşür. Ceklin onsuz da Conun qadınbazlığından xəbərdar idi, hətta bundan yorulmuşdu. Lakin sakitliyini qoruyan “First Lady”nin Merilinə cavabı belə olur: “Əla... Onda sən Ağ Evə köçəcəksən və birinci xanımın vəzifələrini özün icra edəcəksən. Mən isə buradan gedəcəyəm, bütün problemlər sənin olacaq”.

 

 

Monronun prezidentin ikinci xanımı kimi Ağ Evdə məskunlaşmaq istəyi Ceklini qorxudurdu, amma o, həm də ağıllı qadın idi və bu vəziyyəti öz xeyrinə çevirməyi bacarmışdı. O, prezident seçkiləri öncəsi ərini boşanmaqla hədələmişdi, lakin Con Kennedi artıq Merilini unudub başqa qadınlarla görüşməyə belə başlamışdı... Aylarla depressiyadan əziyyət çəkən və bir neçə dəfə dərman zəhərlənməsi səbəbindən komaya düşən Merilin isə heç nəyin əvvəlki kimi olmayacağını bilirdi....

 

Robertin “təhlükəli vadi”yə girişi....

 

Lakin Merilinin bu çöküşünü bir müddət ləngidən biri var idi: Con Kennedinin qardaşı Robert.... Qardaşının üz vermədiyi bu qadınla maraqlanan Robert onunla eşq yaşamağa başlayır. Monro isə Conun boşluğunu qardaşı ilə doldurmağa çalışır...Təbii ki, Con Kennedinin də bu vəziyyətdən xəbəri var idi. Hətta bəzi mənbələrə görə, Con Kennedi özü Merilini cinsi əlaqədə olmaq üçün qardaşının otağına göndərib. Prezident Con Kennedinin 44-cü doğum günündə Merilin Monro rol aldığı filmin çəkiliş meydançasını tərk edərək ziyafətə gedir və məşhur “Happy Birthday Mr. President’’ mahnısını ifa edir. O gecədən bir neçə ay sonra, avqustun 4-də aktrisa evində ölü tapılır.. Səbəb kimi isə yuxu dərmanının həddindən artıq dozası göstərilir. Lakin onun ölümünün arxasında bir çox sui-qəsd nəzəriyyələri var. Bəziləri Monronun Kennedi ailəsi ilə münasibətlərinə görə öldürüldüyünü iddia edir. Düşünülür ki, Monro həmin gecə Robertlə bərk dava edib. Hətta iddialara görə, məhz Robert onun öldürülməsini istəyib. Lakin bunlar sadəcə fərziyyələrdir. Hələ də “Kennedi lənəti”, Merilin Monronun ölümünün pərdəarxasını heç kim dəqiq bilmir. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR