Atasına nifrət edən, pornoqrafiya ilə maraqlanan, hüquqşünasdan yazıçıya ÇEVRİLƏN KAFKA...
Həm yaradıcılığı, həm şəxsiyyəti, həm də real obrazı ilə dünya tarixinə iz qoyan kifayət qədər insanlar var. Onlardan biri də yəhudi əsilli yazıçı Franz Kafkadır. Bu gün yazıçının anım günüdür.
Sfera.az onunla bağlı maraqlı məlumatları təqdim edir.
Kafka almandilli yəhudi ailəsinin övladıdır. O, 3 iyul 1883-cü ildə Praqada Herman və Culiya Kafkanın altı övladının birincisi olaraq dünyaya gəlib. O, körpə olanda iki qardaşı ölüb. Kafkanın üç bacısı isə faşistlərin təqibi altında həbs düşərgələrində öldürülüb.
Yaxşı keçməyən uşaqlıq illəri...
Kafkanın uşaqlığı pis keçib. Xüsusilə, atası ilə heç vaxt anlaşa bilməyib. Atasının Kafkaya qarşı təzyiqləri hələ uşaqlıqdan başlayıb və uzun müddət davam edib. Yazıçının ona qarşı keçirdiyi yeganə hiss - əsərlərindən də göründüyü kimi - nifrət idi.
O, “Atama məktub” əsərində bunları qeyd edib: “Hərbi salam verib əsgər kimi yeriyə bildiyim zaman mənə dəstək olurdun, amma mən gələcəyin əsgəri deyildim. Ya da iştahla yemək yeyəndə, hətta pivə də içəndə, ya da başa düşmədiyim mahnıları təkrarlaya bildiyimdə və ya boşboğazlıq edəndə mənə dəstək olardın, amma bunların heç biri mənim gələcəyimin bir hissəsi deyildi”....
Əslində hüquqşünas...
Kafka 1901-ci ildə orta məktəb təhsilini uğurla başa vurub. O, 1901-1906-cı illərdə Praqada Karl-Ferdinand Universitetində təhsil alıb. Sonra hüquq təhsili almağa qərar verib. Beş illik hüquq təhsilindən sonra o, Albert Veberlə ödənişsiz hüquq təcrübəsi keçmək şansı qazanıb və cinayət hüququ sahəsində karyera qurmaq qərarına gəlib. Kafka 18 iyul 1906-cı ildə hüquq üzrə doktorantura dərəcəsi alıb və bir il müddətinə məcburi surətdə pulsuz vətəndaş və cinayət məhkəmələrində hüquq katibi kimi fəaliyyət göstərib. O, almanca danışdığı üçün çexlərin, yəhudi olduğu üçün almanların xoşuna gəlmirdi.
Ədəbiyyata açılan yol...
Franz Kafka 1907-ci ildə "Assicurazioni Generali" adlı İtalyan sığorta şirkətində işləməyə başlayıb. Məhz həmin illərdə o, Maks Brodla tanış olur və dostlaşır. Maks Brodun sayəsində ədəbiyyat aləminə qədəm qoyan Kafka Feliks Qelç, Oskar Baum, Frans Verfel kimi mühüm ədəbiyyat adamları ilə tanış olur. Brod Kafkanın həyatında ən önəmli insanlardan biri və onun üçün dönüş nöqtəsi olub. Brod tezliklə müşahidə edib ki, Kafka utancaq və azdanışan olsa da, dediklərinin çoxu dərin məna kəsb edir. Gələcəyin yazıçısı həyatı boyunca çox həvəsli bir oxucu olub. Brodun təklifi ilə onlar Platonun "Protaqor" əsərini orijinal yunan dilində, öz təklifi ilə isə Qüstav Floberin "Sentimental təhsil" və "Müqəddəs Antoninin tamahı" əsərlərini fransız dilində oxuyublar. Bundan əlavə, Kafka Çex ədəbiyyatı ilə maraqlanıb, Yohann Volfqanq Hötenin əsərlərinin vurğunu olub.
Kafka və qadınlar....
Onun həyatına bir neçə qadın daxil olub. Maks Brodun fikrincə, Kafka güclü cinsi istəkdən “əzab çəkirdi”. Yazıçının bioqrafı Reyner Stax qeyd edir ki, Kafka “cinsi müvəffəqiyyətsizlik”dən qorxurdu. O, yetkinlik həyatı boyunca fahişəxanalara gedib və pornoqrafiya ilə maraqlanıb. Bundan əlavə, bir çox qadınla yaxınlıq edib. Onun həyatına aldığı ilk qadın iki dəfə nişanlı olduğu və heç vaxt evlənmədiyi Felisiya Bauerdir. 13 avqust 1912-ci ildə Kafka Brodun qohumu, Berlində bir diktafon şirkətinin təmsilçisi kimi işləyən Felisiya ilə tanış olur. Həyatda qadınlara və seksə böyük ehtiyac duysa da, Kafkanın özünəinamı çox zəif idi, seksi çirkli hesab edirdi və bədəninə görə çox utanırdı. Stax və Brod qeyd edirlər ki, Kafkanın Felisiya Baueri tanıdığı dövrdə onun Berlindən olan yəhudi rəfiqəsi Marqaret Bloxla da münasibəti var idi. Brod bildirir ki, Bloxun Kafkadan oğlu olsa da, Kafka heç vaxt bundan xəbər tutmayıb. Adı məlum olmayan bu oğlan 1914 və ya 1915-ci ildə anadan olub, 1921-ci ildə Münhendə ölüb. Lakin Kafkanın bioqrafı Peter-Andre Alt qeyd edir ki, Bloxun oğlu olsa da, Kafka onun atası deyildi, çünki cütlük heç vaxt intim münasibətdə olmayıb. Stax da iddia edir ki, Bloxun oğlu olsa da, Kafkanın onun atası olması ilə əlaqədar heç bir sübut yoxdur. 1920-ci ildə Kafka Milena Jesenka ilə yazışmağa başlayır. Evli olan Milena ilə yazışmaları illərlə davam edir - münasibətlərinin mümkün olmamasına baxmayaraq.... Nəhayət, Kafkanın həyatına daxil olan digər qadınlardan biri dayə Dora Diamant idi. Dora Kafkanın ölməzdən əvvəl adını çəkdiyi, xatırladığı qadındır.
40 yaşında həyatla vidalaşmaq...
1917-ci ilin avqust ayının bir gecəsində Kafka qan qusur... Ona ağciyər xərçəngi (bəzi mənbələrə görə vərəm) diaqnozu qoyulur 1918-ci ildə isə yazıçı qripə yoluxur. Sürətlə irəliləyən xərçəng xəstəliyi səbəbindən Kafka danışma qabiliyyətini itirir. Xəstəlik çox irəlilədiyi üçün cərrahi müdaxilə oluna bilmir və 3 iyun 1924-cü ildə o, dünyasını dəyişir. Ondan sonra dünyasını dəyişən ana və atasını da elə Kafkanın dəfn olunduğu məzarda basdırırlar - sanki istehza ilə...Yəni Kafka öləndən sonra da atasından qurtula bilməyib....
“Əsərlərimi yandır”...
Kafka ən yaxın dostu Maks Broda ölümündən sonra bütün əsərlərini yandırmasını tapşırıb. (Maks Brod faşistlərin işğalından sonra əsərləri İsrailə aparıb) Bunun əsas səbəbinin Kafkanın özünə inam problemi olduğu bildirilir. Bəzilərinə görə o, əsərlərinin dəyərsiz olduğunu düşünürdü, bəzilərinə görə isə, Kafka üçün yazmaq sadəcə yaşamaq istəyi idi. Nəhayət, Maks Brod əsərləri 1945-ci ildə katibi Ester Hoffeyə göndərib. Bu əsərlərin bəziləri müəyyən məbləğdə pul müqabilində Londonda ədəbi arxivdə saxlanılır. Hoffe digər əlyazmaları qızları Eva və Ruta verib. Sonrakı illərdə Kafka yəhudi olduğu üçün İsrail də bu əsərlərə haqq iddia edib. Həmçinin Kafkanın Praqadakı evi sonradan muzeyə çevrilib. Belə bir cəhdin kommersiya məqsədilə edildiyinə dair tənqidlər səslənib.
Günay Rəsulqızı