Con Kennediyə sui-qəsdi kim təşkil edib, CİA, SSRİ, yadplanetlilər, yoxsa mafiya? - MARAQLI İDDİALAR
Tarixdə iz qoyan, tarix yazan və ya dəyişdirən insanlar heç zaman unudulmur desək, yəqin, yanılmarıq. Bəzi şəxslər isə sırf bir ölkənin deyil, bütün dünyanın yaddaşında əhəmiyyətli yer tutur. Onlardan biri də amerikalıların təbirincə, ən yaxşı prezidentlərdən biri Con Kennedidir. Bu gün isə keçmiş ABŞ liderinin anadan olduğu gündür.
Sfera.az xüsusilə Kennedinin sui-qəsdi ilə bağlı maraqlı iddiaları təqdim edir.
Əvvəlcə qeyd edək ki, Con Kennedi 1917-ci il mayın 29-da Bruklaynda doğulub. İrland mənşəli katolik ailəsində dünyaya göz açan Conun atası ABŞ-də ən cavan bank müdirlərindən olub. Uşaqlıq illərində çox zəif olan və tez-tez xəstələnən Kennedi elmə, təhsilə, kitablara və hətta məktəb illərində qəzetlərə xüsusi marağı ilə fərqlənib. Bu maraq onda o qədər güclü olub ki, o, iyirmi dəqiqəyə dörd qəzet oxuya bilirmiş. 1935-ci ildə orta məktəbi bitirən Con Kennedi London İqtisadiyyat Məktəbinə, sonra isə Prinston Universitetinə daxil olur. 1940-cı il iyunun 21-də isə Harvard Universitetini bitirir. Təhsilini başa vurduqdan sonra ordu sıralarına daxil olan Con Sakit okeanda torpedo katerində xidmət edir. O, burada leytenant rütbəsi alır, xidmətdə fərqləndiyinə görə, Hərbi Dəniz Qüvvələrinin mükafatlarına layiq görülür.
1953-cü il sentyabrın 12-də Kennedi Jaklin Buvye ilə ailə həyatı qurur. Nigah mərasimi Nyu-Portda keçirilir. Bu evlilikdən 4 uşaq doğulur ki, bunlardan 2-si doğulduqdan dərhal sonra vəfat edirlər. 1960-cı il yanvarın 2-də Kennedi prezidentliyə namizədliyini irəli sürməsi haqqında qərarını elan edir. Həmin il iyulun 13-də Demokratlar Partiyasının Qurultayı prezident seçkilərində partiyanın vahid namizədi kimi Con Kennedini irəli sürür. O, 20 yanvar 1961-ci ildə ABŞ tarixində ilk katolik və Teodar Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olur.
Con Kennedinin qətl günü...
35-ci ABŞ prezidentinin qətli 1963-cü il 22 noyabr yerli vaxtla saat 12:30-da Dallasda baş verir. Kennedi xanımı Jaklinlə prezident kortejində Elm-Stritdən keçərkən tüfəng atəşindən ölümcül yaralanır və elə həmin gün vəfat edir. Qətl ABŞ Ali Məhkəməsinin xüsusi komissiyası tərəfindən on ay ərzində araşdırılır və komissiya qətli Li Harvi Osvaldın tək planlaşdırdığı və yerinə yetirdiyi nəticəsinə gəlir. Lakin indiyə qədər bu cinayətlə bağlı çoxlu versiyalar və fikirlər gəzib-dolaşır. Sosial sorğuya əsasən, amerikalıların 70% rəsmi açıqlamaya inanmır.
Tarixi dəyişən qətlin arxasındakı sui-qəsd nəzəriyyələri...
Con Kennedinin Sovet İttifaqı tərəfindən öldürüldüyünü iddia edənlər də var, qətldə yadplanetlilərin məsuliyyət daşıdığına inananlar da... Bütün dünyanı şoka salan sui-qəsdin ardınca yüzlərlə insan sorğu-sual edilib və minlərlə səhifədən ibarət gizli hesabatlar hazırlanıb. Qeyd etdiyimiz kimi, həmin zaman keçmiş hərbçi Li Harvi Osvald Kennediyə sui-qəsd etməkdə günahlandırılaraq saxlanılıb. Lakin həbsindən iki gün sonra bu gənc amerikalı Dallas polis idarəsində Cek Rubi adlı şəxs tərəfindən güllələnərək öldürülüb. Bütün bunlara baxmayaraq, sui-qəsdlə bağlı bir çox mühüm rəsmi sənədlər təxminən 50 il ərzində gizli saxlanılıb. Bəziləri hesab edir ki, məxfi sənədlər hələ də tam açıqlanmayıb.
Sovet İttifaqının izləri...
Kennedinin öldürülməsi ilə bağlı diqqətəlayiq sui-qəsd nəzəriyyələrindən biri Sovet İttifaqı ilə əlaqəlidir. Belə ki, qətldə günahlandırılan şəxs, yəni Li Harvi Osvald özünü marksist olaraq təqdim edirdi. O, 20 yaşında ikən Sovet vətəndaşı olan həyat yoldaşı ilə birlikdə Sovet İttifaqından sığınacaq istəsə də, rədd cavabı alıb. Bəzi rəsmi sənədlər Osvaldın Mexikodakı Sovet və Kuba səfirliklərini dəfələrlə ziyarət etdiyini ortaya çıxarıb. Bu isə sui-qəsdin arxasında Sovet İttifaqının ola biləcəyi iddiasını gücləndirib. Lakin bir çox ekspertlərin fikrincə, “sovet iddiası” Kennedinin qətli ilə bağlı zəif nəzəriyyələrdən biridir. Onlar düşünür ki, Sovet İttifaqı mümkün müharibə ehtimalına görə belə bir sui-qəsd riskinə gedə bilməzdi.
Mafiya silahından çıxan güllə...
Bəziləri ABŞ-dəki mafiya təşkilatının Kennediyə xüsusilə siyasi karyerasının ilk illərində əhəmiyyətli dəstək verdiyini iddia edirlər. Bu sui-qəsd nəzəriyyəsinə görə, Kennedinin prezident vəzifəsinə gəldikdən sonra apardığı daxili və xarici siyasət sözügedən mafiya qruplaşmasının maraqları ilə toqquşub. Nəticədə onlar Kennedini öldürmək qərarına gəlib.
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “əli”...
Bəzi insanlar Kennedinin ölümünün CİA tərəfindən sifariş edildiyini düşünürlər. Nəzəriyyəyə görə, 1961-ci ildə ABŞ-nin dəstəyi ilə Kubada Fidel Kastro rejimini devirmək üçün həyata keçirilən “Donuzlar körfəzi əməliyyatı”nın uğursuzluğu xarici kəşfiyyat xidmətinin Kennedidən qurtulmaq istəyinə səbəb olub.
Vyetnam müharibəsi...
Başqa bir sui-qəsd nəzəriyyəsinə görə, Con Kennedi Vyetnam müharibəsinə sülhsevər yanaşmasına görə öldürülüb. İddialara görə, Kennedi açıq formada deməsə də, Vyetnam müharibəsinin bitməsini istəyirdi və dialoqa əsaslanan həll yolunun axtarılmasını müdafiə edirdi. Bu səbəbdən ölkədə silah sənayesinin hədəfinə çevrilib.
Yadplanetlilərlə bağlı qəribə fikirlər...
Yəqin ki, bu, ən maraqlı sui-qəsd nəzəriyyələrindən biridir. Prezidentin yadplanetlilər tərəfindən öldürüldüyünü də düşünənlər olub. Belə ki, guya, Kennedi Vaşinqtonla yadplanetlilər arasında imzalanmış gizli müqaviləni ictimaiyyətlə bölüşməyi planlaşdırırdı. Prezident məhz bu səbəbdən yadplanetlilərin hədəfinə çevrilib və nəticə öldürülüb.
“Ölüm fərmanı”nı imzalayanlar...
Con Kennedinin sui-qəsd nəzəriyyələri daha çox prezidentin niyə öldürüldüyü ilə bağlı fərziyyələrə əsaslanır. Bununla belə, onu kimin öldürdüyü ilə bağlı təəccüb doğuran iddialar da var. Çünki qətlin günahkarı kimi göstərilən Li Harvi Osvaldın Kennedini vurduğunu təsdiqləyən bir şahid belə yoxdur. Deməli, Kennedini kimin öldürdüyü sualı hələ də çoxları üçün cavablandırılmayıb. Bununla belə, bəzi adlar şübhəlilər kimi ön plana çıxıb. Bir nəzəriyyəyə görə, Kennedinin ölüm əmrini imzalayan şəxs onun müavini Lindon B Conson olub. O, Kennedinin ölümündən sonra ABŞ-nin müvəqqəti prezidenti vəzifəsini icra edib. Sonrakı seçkilərdə səs çoxluğu ilə ölkənin 37-ci prezident seçilib. Onun adı uzun illərdir ki, sui-qəsd nəzəriyyələri ilə əlaqələndirilir. İş o yerə çatıb ki, onun adı Kennedinin katibi Evelin Linkolnun hazırladığı “şübhəlilər” siyahısında birinci yerdə olub.
Digər tərəfdən, Kennedinin təsadüfən öldürüldüyünə inananların sayı da kifayət qədər çoxdur. Bu maraqlı sui-qəsd nəzəriyyəsinə görə, Kennedi konvoyda olan Corc Hikki adlı məxfi xidmət agentinin təsadüfən silahından atəş açması səbəbindən dünyasını dəyişib. Yaxud bəzi insanlar inanırlar ki, Kennedi Dallasa səfəri zamanı şoferi Uilyam Qrin tərəfindən güllələnərək öldürülüb.
Günay Rəsulqızı