Əməkdar artist dəfn olundu - FOTO
Azərbaycanın əməkdar artisi, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova bu gün Şəhər qəbirstanlığında dəfn olunub.
Sfera.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dəfndən öncə mərhumənin evində cənazə namazı qılınıb. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək Gülnar Salmanovanın sənəti, yaratdığı bənzərsiz obrazlar, Azərbaycan mədəniyyətindəki xidmətləri haqqında danışıb.
Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, Dövlət Musiqili Teatrının rəhbərliyi və bütün kollektivi, Gülnar Salmanovanın yaxınları və sənətini sevən sadiq tamaşaçıları iştirak edib. Habelə dəfn mərasimində Azərbaycan Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı və başqa sənət ocaqlarının rəhbər şəxsləri və aktrisanın sənət dostları iştirak ediblər.
Aktrisanın "50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beş manatlıq gəlin”də Naznaz, “Özümüz bilərik”də Ceyran, “Subaylarınızdan görəsiniz”də Çarliston, “Bankir adaxlı”da Maral, “Məhəbbət oyunu”nda Ceyran, “Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.