“Bundan sonra özün üçün yaşa”
Müğənni Aysel Əlizadə anasının doğum günü münasibətilə paylaşım edib.
Sfera.az xəbər verir ki, Aysel anasının illər ərzində övladları üçün çəkdiyi əziyyətlərdən, müəllim kimi yüzlərlə uşağa göstərdiyi qayğıdan bəhs edib. O, anasının doğma torpağı Cəbrayılın azad olunmasının da bu günü daha özəl etdiyini vurğulayıb:
“Bu gün mənim üçün ikiqat bayramdır. Həm Zəfər Bayramımızdır, həm də mənim canım anamın ad günüdür.
Ana, sən bu həyatda o qədər əziyyət çəkmisən, o qədər zəhmətə qatlaşmısan ki… Hər zaman özündən çox bizi düşünmüsən. Bizim yaxşı yaşamağımız, oxumağımız, heç nədən geri qalmamağımız üçün əlindən gələni etmisən. Mənim bu gün sahib olduğum hər şeydə sənin böyük əməyin var.
Sən təkcə bizə yox, illərlə dərs dediyin yüzlərlə uşağa da ana qayğısı göstərmisən. Neçə-neçə uşağın ikinci anası olmusan. İndi də bütün sevginlə, qayğınla nəvələrinin yanındasan.
Bir də bu günün ən gözəl tərəfi odur ki, sənin doğma torpağın Cəbrayıl da azaddır. Nə gözəl təsadüfdür ki, sənin ad günün elə Zəfər Günümüzə düşür. Sənin üçün də, bizim üçün də bundan böyük sevinc olmaz.
Canım anam, mən sənin çəkdiyin əziyyətləri, bizim üçün etdiklərini heç vaxt unutmaram. Tək arzum budur ki, bundan sonrakı ömründə heç bir çətinlik görməyəsən, həmişə üzün gülsün. Nə qədər bizim üçün yaşamısansa, bundan sonra da bir o qədər özün üçün, ürəyin istəyən kimi yaşa.
Ad günün mübarək, mənim gözəl anam! Allah səni bizə çox görməsin. Səni çox sevirəm”.






