Sinem Kobal valideynlik qaydalarından danışdı
Türkiyəli aktrisa Sinem Kobal həyat yoldaşı Kənan İmirzalıoğlu ilə ailə həyatı, qızlarının tərbiyəsi və evdə tətbiq etdikləri qaydalar barədə səmimi açıqlamalar verib.
Sfera.az xəbər verir ki, aktrisa “Biz Bize” proqramının qonağı olub. O, müsahibəsində həm sənət həyatından, həm də iki uşaq anası kimi təcrübəsindən danışıb.
2016-cı ildə aktyor Kənan İmirzalıoğlu ilə ailə quran Sinem Kobalın bu evlilikdən Lalin və Leyla adlı iki qızı var. Cütlüyün ilk övladı 2020-ci ildə, ikinci qızı isə 2022-ci ildə dünyaya gəlib.
Aktrisa qızlarının xarakter və görünüş baxımından valideynlərinə bənzədiyini də bildirib. Onun sözlərinə görə, böyük qızı Lalin daha çox özünə, kiçik qızı Leyla isə atası Kenan İmirzalıoğluna bənzəyir. Kobal həyat yoldaşının gözəl ata olduğunu və qızları ilə münasibətini izləyərkən duyğulandığını deyib.
Ailə daxilində müəyyən qaydalara əməl etdiklərini bildirən aktrisa xüsusilə uşaqların yuxu və qidalanma rejiminə diqqət yetirdiklərini vurğulayıb. Onun sözlərinə görə, səhər yeməyi və axşam süfrəsində bütün ailə üzvlərinin birlikdə olmasına çalışırlar.
Sinem Kobalın açıqladığı digər maraqlı məqam isə qızlarına hələlik televizor izlətməmələridir. Aktrisa uşaqlarına valideynlərinin peşəsini izah edərkən “Biz nağılları canlandıran insanlarıq” ifadəsindən istifadə etdiklərini bildirib.
Sinem Kobalın ailə həyatı və övladlarının tərbiyəsi ilə bağlı səmimi açıqlamaları sosial şəbəkələrdə və pərəstişkarları arasında maraq doğurub.
İradə Elsevər






