Maykl Ceksonun gödəkçəsi 17 milyon manata satıla bilər

Maykl Ceksonun gödəkçəsi 17 milyon manata satıla bilər
Kateqoriya məlum deyil
T

Pop musiqisinin kralı Maykl Ceksonun 1983-cü ildə ekranlaşdırılan “Thriller” klipində geyindiyi məşhur qara-qırmızı gödəkçə hərraca çıxarılıb.

Əfsanəvi geyimin 17 milyon manatdan baha qiymətə satılacağı ehtimal edilir. Bu baş tutarsa, musiqi xatirə əşyaları arasında yeni rekord qeydə alına bilər.

Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Hərrac “Julien’s Auctions” tərəfindən dekabr ayında Los-Ancelesdə təşkil olunacaq. Məlumata görə, gödəkçənin satış qiyməti 10 milyon dolları ötə bilər.

Qeyd edək ki, bu il “Pink Floyd” qrupunun gitaraçısı Devid Gilmora məxsus “Black Strat” gitarası 24,73 milyon manata satılıb. Dana dərisindən hazırlanan gödəkçə parlaq qırmızı rəngi, qollarındakı gümüşü tokaları, ipək astarı və geniş çiyinləri ilə seçilir. Onun içərisində “Marc Laurent Paris” etiketi də qalıb. Geyimin fərqləndirici V-formalı silueti Maykl Ceksonun səhnə obrazının ən tanınan elementlərindən birinə çevrilib.

“Thriller” klipinin çəkilişləri üçün iki gödəkçə hazırlanmışdı. Onlardan biri Ceksonun zombiyə çevrildiyi səhnələrdə istifadə olunmaq üçün qəsdən köhnəldilmiş və cırılmışdı. Hərraca çıxarılan gödəkçə isə müğənninin zombi makiyajı olmadan geyindiyi nümunədir. Hazırda digər gödəkçə sənətçinin irs kolleksiyasında saxlanılır və əvvəllər Rok-n-Roll Şöhrət Zalında nümayiş etdirilib. Geyimin dizaynını kostyum rəssamı Debora Nadulman Landis hazırlayıb. Geniş çiyinləri ilə seçilən bu obraz Maykl Ceksonun musiqi tarixində ən çox tanınan vizual simvollarından birinə çevrilib.

Hərracda müğənninin karyerası ilə bağlı başqa əşyalar da satışa çıxarılacaq. Bunların arasında “Thriller” klipinin çəkilişləri və məşqləri zamanı geyindiyi qara dəri “Florsheim” ayaqqabıları da var. Ayaqqabıların ilkin qiyməti 50-85 min manat arasında müəyyən edilib. Satışa təqdim olunacaq digər diqqətçəkən əşya isə Ceksonun “Billie Jean” mahnısını “Motown 25” televiziya proqramında ifa edərkən taxdığı məşhur brilyant əlcəkdir. Məhz həmin çıxış zamanı tamaşaçılar onun sonradan əfsanəyə çevrilən “Ay yerişi” rəqs hərəkətini izləyiblər. Əlcək 2009-cu ilin noyabrından bəri ilk dəfə hərraca çıxarılır.

Müğənninin ölümündən bir neçə ay sonra keçirilən əvvəlki satışda əşyanı Honkonqdan olan iş adamı Hoffman Man 731 min manata almışdı. Həmin vaxt bu, belə bir əşya üçün rekord qiymət sayılırdı. Hərrac təşkilatçıları əlcəyi Maykl Ceksonun xatirə əşyaları kolleksiyasının ən dəyərli nümunələrindən biri kimi təqdim edirlər. Satış Əbu-Dabidə keçiriləcək sərgi və hərraclar silsiləsinin bir hissəsi olacaq. Dekabr ayındakı hərracdan əvvəl seçilmiş əşyalar beynəlxalq sərgi turuna çıxarılacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR