Cennifer Lopezə bənzəyən oğru diqqət çəkdi - FOTO

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan qadının polis bölməsinə çəkilən fotosu sosial şəbəkələrdə gündəm yaradıb.
Buna səbəb onun məşhur müğənni və aktrisa Cennifer Lopezə qeyri-adi dərəcədə bənzəməsidir.
Sfera.az xəbər verir ki, 35 yaşlı Sirena Enn Kvast avqustun 30-da Minnesotanın Montisello şəhərində mağazadan ümumi dəyəri təxminən 580 dollar olan iki dəst elektrik aləti batareyası oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
“The Watch MN” kriminal şikayətə istinadən yazıb ki, Kvast batareyaları oğurladığını etiraf edib və ağır oğurluq ittihamı ilə polis tərəfindən nəzarətə götürülüb.
Lakin qadının fotosu oğurluq hadisəsindən daha çox diqqət çəkib. Rayt dairəsi Şerif Ofisinin yaydığı polis fotosunda Kvastın 57 yaşlı Cennifer Lopezi xatırlatması sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
Bir çox istifadəçi ilk baxışdan fotodakı şəxsin məhz Cennifer Lopez olduğunu düşünüb.
“Bir anlıq bunun Cennifer Lopez olduğunu düşündüm”, istifadəçilərdən biri yazıb.
Başqa bir istifadəçi isə zarafatla Cennifer Lopezi işarələyərək onun Kvastın bacısı olub-olmadığını müəyyənləşdirmək üçün DNT testi tələb edib.
“Daily Mail”in məlumatına görə, Kvast saxlanıldıqdan bir gün sonra sərbəst buraxılıb.
Firuzə Əliyeva
Sfera.az







