Cem Yılmazın son durumu açıqlandı
Ötən həftə infarkt keçirərək xəstəxanaya yerləşdirilən məşhur türkiyəli komediyaçı Cem Yılmaz səhhəti ilə bağlı yeni paylaşım edib.
Sfera.az xəbər verir ki, 48 saat həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılan sənətçi müalicə prosesi barədə sosial media hesabında məlumat verməyə davam edir. O bu dəfə təzyiqini ölçdüyü anları izləyiciləri ilə bölüşüb. Paylaşımda təzyiq göstəricisinin 90/60, nəbzinin isə 79 olduğu görülüb. İnfarktdan sonra həyat tərzində dəyişiklik etdiyini bildirən məşhur komediyaçı siqareti tərgitdiyini və çəki itirdiyini də qeyd edib. “Bəli, siqareti atdım, çəki itirdim. İstədiyiniz hər şeyi etdim, indi sıra cəmiyyətdədir. Görək cəmiyyət də mənim arzularımı yerinə yetirəcəkmi? Bəli, cəmiyyət, söz səndədir”, – deyə o yazıb.
Sənətçi səhhətinin hazırda yaxşı olduğunu vurğulayıb və ona dəstək olan hər kəsə təşəkkür edib.
“Allaha şükür, səhhətim yaxşıdır. Dəstək olan, yaxşı diləklərini çatdıran hər kəsə təşəkkür edirəm. Məni yenə xilas etdiniz”, – C.Yılmaz bildirib. Məşhur komediyaçı izləyicilərinə ürək-damar sağlamlığı ilə bağlı da çağırış edib: “Bir həftədir ürəyini, damarlarını yoxlatmayan qalıbsa, mütləq müayinədən keçsin. Damar sağlamlığı çox vacibdir”, – deyə o əlavə edib. Cem Yılmazın bu paylaşımı onun səhhətini yaxından izləyən pərəstişkarlarının diqqətini çəkib.
Bəsti Rəfizadə
Sfera.az






