Logo

Müsadirə edilən narkotik vasitələr çoxalıb - Ölkəyə daha çox haradan daxil olur?

Müsadirə edilən narkotik vasitələr çoxalıb - Ölkəyə daha çox haradan daxil olur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin ilk 9 ayında Azərbaycanda narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 4253 nəfər, bu ilin eyni dövründə isə 4352 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Eyni zamanda, müsadirə edilən narkotik vasitələrin ümumi çəkisi də artıb.

Maraqlıdır, müsadirə olunan narkotiklərin həcminin artması ölkəyə daha çox narkotik daxil olması ilə bağlı ola bilərmi? Əsas təhlükə hansı istiqamətdəndir? Narkotiklərin satışında və yayılmasında sosial şəbəkələrin rolu varmı?

Bu barədə sabiq polis rəisi Şəmsəddin Əliyev Sfera.az-a açıqlama verib. O, vəziyyətin kifayət qədər ciddi olduğunu vurğulayıb:

Müsadirə edilən narkotik vasitələr çoxalıb - Ölkəyə daha çox haradan daxil olur?

“Son 10 ilə yaxın müddət ərzində Respublika Daxili İşlər Nazirliyi digər dövlət qurumları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər həyata keçirib. Bu sahədə mübarizə heç vaxt dayandırılmayıb. Doğrudan da, bu sahədə aparılan mübarizəyə prinsipial önəm verilir, mövqe çox sərtdir. Həm hesabat dövrünün ötən illərlə müqayisəsində, həm də rüblük hesabat dövrlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarına qarşı mübarizənin nəticələri artıq müşahidə olunur. Hətta səhv etmirəmsə, bu doqquz ay ərzində qanunsuz dövriyyədən altı ton narkotik vasitə aşkar edilərək məhv edilib. Amma onu da deyim ki, 30 il müddətində Azərbaycan dövlətinin işğal olunmuş ərazilərə nəzarəti olmadığı üçün qonşu dövlətimiz həmin ərazilərdən öz şəxsi mənafeləri naminə çox istifadə edirdi. İndi isə artıq əraziyə nəzarət var. Dövlət Sərhəd Xidməti və Respublika Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları bu sahədə çox inqilabi mübarizə həyata keçirirlər. Bir daha deyirəm, prinsipial mövqe ortaya qoyaraq inqilabi mübarizə aparırlar. Demək, bu sahədə mübarizə var və aşkar olunan faktlar da çoxluqla müşahidə edilir. Deyim ki, burada qonşu dövlətin vətəndaşlarının rolu böyükdür. Onlar bizim vətəndaşları tez öz ətraflarına cəlb edə bilirlər”.

Ş.Əliyev bir sıra amillərin narkotik vasitələrin dövriyəsinin artmasına səbəb olduğunu açıqlayıb:

“İşsizlik, sosial çətinliklər və savadsızlıq halları bu məsələyə ciddi təsir edən amillərdir. Amma Respublika Daxili İşlər Nazirliyinin bu baş idarəsi tərəfindən, ötən illərlə bağlı məndə olan məlumata görə, təxminən 50-yə yaxın İran vətəndaşının iştirakı ilə bağlı məlumatlar əldə edilib. Həmin şəxslərin Azərbaycana verilməsi və ya onlar barəsində cinayət təqibi məsələsinin həlli ilə bağlı təxminən 53 sorğu göndərmişik. Məndə olan məlumata görə, Daxili İşlər Nazirliyinin göndərdiyi 53 sorğudan altısına cavab verilib. Ola bilsin, yeddisinə cavab verilib. Amma bütün hallarda düşünürəm ki, Azərbaycan vətəndaşları burada çox ayıq-sayıq olmalıdırlar.

Onların fitvasına, fitnəsinə uymamalıdırlar. Son zamanlar meşə zolaqlarında və talalarda yabanı şəkildə bitən xaşxaş kütlələrinin də aşkar olunması və məhv edilməsi ilə bağlı çox prinsipial mövqe nümayiş etdirilir. Ona görə düşünürəm ki, Daxili İşlər Nazirliyinin bu sahədə apardığı mübarizə kifayət qədər sərtdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi transmilli cinayətkarlığın xüsusilə ağır növlərindən biridir. Bu işlə məşğul olan mütəşəkkil dəstələrin, hətta beynəlxalq təşkilatların sırasında onların havadarları var. Onların bank hesabları, cəbhəxanaları var. Ona görə də Respublika Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən bu prinsipial mövqe və mübarizə öz bəhrəsini verir. Amma yetər ki, vətəndaş cəmiyyəti də bu sahədə fəal olsun. Qeyri-hökumət təşkilatlarının və Dövlət Dəstəyi Agentliyinin maarifləndirmə xarakterli layihələrinin icrasına çox böyük əmək sərf olunur. Biz də, təbii ki, vətəndaş olaraq ayıq-sayıq olmalıyıq. Bu sahədə əldə etdiyimiz məlumatları heç olmasa, ərazi üzrə polis orqanlarına ötürməliyik”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR