Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı
Xaçmaz rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Xaspoladoba kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov (soyad şərtidir - red.) daha əvvəl oğurluğa görə bir il doqquz ay altı gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bir müddətdən sonra cəzasının çəkilməmiş hissəsindən azad olunub. İki uşaq atası olan Orxan ailədə mübahisələr yaradıb və həyat yoldaşı evdən gedib.
Orxan uşaqlarını internat məktəbinə təhvil verərək, Hacıqabul rayonuna işləməyə gedib. İşlədiyi dövrdə o, aldığı borcu qaytara bilmədiyindən pul sahibi Orxanın həyat yoldaşının evinə gəlib.
Qadın Orxana zəng vuraraq borc sahibinin onlara gəldiyini deyib. Orxan isə axşam evə gələcəyini bildirib. O, gecə vaxtı evə gəlib həyat yoldaşına zəng vursa da, qadın telefona cavab verməyib. Bundan əsəbiləşən Orxan mənzilə daxil olub və qadının əlində telefon görüb. Arvadından telefonun kodunu istəyib. Orxandan ayrı yaşayan xanımı bundan imtina edib və nəticədə mübahisə yaranıb. Orxan həyat yoldaşını döyüb və 4 bıçaq zərbəsi vurub.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Orxan saxlanılaraq istintaqa təhvil verilib.
Məhkəmənin hökmü ilə O.Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib.






