Logo

Azərbaycanda 180 mindən çox insan pensiyasız qaldı – SƏBƏB

Azərbaycanda 180 mindən çox insan pensiyasız qaldı – SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 180 min 398 nəfərə yaşa görə müavinət təyin olunub.

Açıqlanan rəsmi məlumatlara görə, onların 40,8%-ni kişilər, 59,2%-ni isə qadınlar təşkil edib. Qeyd edək ki, yaşa görə müavinət alanların sayı bu ilin əvvəli ilə müqayisədə 13 min 671 nəfər və ya 8,2% artıb.

Son 10 ildə Azərbaycanda yaşa görə müavinət alanların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2017-ci ildə bu kateqoriyadan olan şəxslərin sayı 17,1 min nəfər olduğu halda, 2026-cı ilin noyabrına bu göstərici 180,4 min nəfərə çatıb.

Son 10 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub:

  • 1 yanvar 2017-ci il – 17,1 min nəfər (aylıq müavinət 66 manat);

  • 1 yanvar 2018-ci il – 29,2 min nəfər (66 manat);

  • 1 yanvar 2019-cu il – 53,4 min nəfər (73 manat);

  • 1 yanvar 2020-ci il – 82,4 min nəfər (130 manat);

  • 1 yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);

  • 1 yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);

  • 1 yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);

  • 1 yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);

  • 1 yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat);

  • 1 yanvar 2026-cı il – 166,7 min nəfər (220 manat);

  • 1 noyabr 2026-cı il – 180,4 min nəfər (220 manat).

Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası almaq hüququ olmayan şəxslərə təyin olunur. Hazırda Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 ildir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, Azərbaycanda yaşa görə müavinət alanların sayının artmasının əsas səbəbi pensiya yaşına çatan hər kəsin əmək pensiyası hüququ qazana bilməməsidir: "Çünki pensiya almaq üçün yalnız yaş həddinə çatmaq kifayət etmir. Şəxsin tələb olunan sığorta stajı və ya pensiya kapitalı ilə bağlı qanuni şərtləri də ödəməsi lazımdır. Bu tələblərə cavab verməyən, lakin qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə müavinət təyin olunur".

"Bu artımın arxasında bir neçə amil dayana bilər: uzun illər rəsmi əmək müqaviləsi olmadan işləmək, əməkhaqqının tam rəsmiləşdirilməməsi, sosial sığorta ödənişlərinin aparılmaması və əmək fəaliyyəti dövründə kifayət qədər pensiya kapitalının toplanmaması. Xüsusilə qeyri-formal məşğulluqdan gələn şəxslər pensiya yaşına çatanda bu problemlə üzləşirlər", – deyə iqtisadçı bildirib.

A. Nəsirlinin sözlərinə görə, digər mühüm məqam odur ki, 2026-cı il iyulun 1-dən etibarən qadınlar üçün də pensiya yaşı 65-ə çatıb: "Beləliklə, hazırda həm kişilər, həm də qadınlar üçün ümumi pensiya yaşı eynidir. Rəsmi qaydalara görə, 65 yaşına çatmış şəxsin fərdi hesabında minimum pensiya almağa imkan verən 46 080 manat pensiya kapitalı olmalıdır. Bu məbləğ yoxdursa, ən azı 25 il sığorta stajı tələb olunur. Bu şərtləri ödəməyən və işləməyən şəxslərə yaşa görə sosial müavinət verilir. Məncə, burada əsas məsələ uzun illər ərzində əmək münasibətlərinin və sosial sığorta sisteminin tam əhatəli olmamasıdır. İnsanların bir qismi əmək fəaliyyəti ilə məşğul olsa da, onların iş stajı və gəlirləri rəsmi uçota alınmayıb. Nəticədə həmin şəxslər pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmirlər. Digər tərəfdən, aşağı əməkhaqqı ilə işləyənlərin pensiya kapitalı da kifayət qədər formalaşmır".

"Bununla belə, 180 min 398 nəfərlik göstəricinin artmasını yalnız bu səbəblərlə izah etmək düzgün olmaz. Artımın nə qədərinin yeni müavinət alanların hesabına, nə qədərinin demoqrafik və digər dəyişikliklər nəticəsində yarandığını müəyyənləşdirmək üçün yaşa görə müavinət alanların illər üzrə daxilolma və çıxma statistikası da açıqlanmalıdır", – deyə o qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR