Pensiya və sosial müavinətlərlə bağlı YENİ XƏBƏR – Artım olacaq?
Azərbaycanda 2027-ci ilin yaxınlaşması ilə pensiya və sosial müavinətlərin artırılması məsələsi yenidən aktuallaşıb. Xüsusilə sosial ödənişlərdən asılı olan vətəndaşlar gələn ilin əvvəlindən pensiya və müavinətlərin məbləğində dəyişiklik olub-olmayacağı ilə maraqlanırlar.
Bəs pensiya və sosial müavinətlərin artırılması hansı iqtisadi göstəricilər əsasında müəyyən edilir? 2027-ci ilin əvvəlindən bu ödənişlərdə artım gözlənilirmi?
Sfera.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda pensiyaların artırılması mexanizmində əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklər edilib.
Ekspertin sözlərinə görə, əvvəllər pensiya artımları əsasən inflyasiya göstəriciləri ilə əlaqələndirilirdisə, son illərdə orta aylıq əməkhaqqının artım tempi əsas meyarlardan birinə çevrilib:
“Əvvəlki illərdə Azərbaycanda pensiyaların artırılması inflyasiya göstəricilərinə uyğun həyata keçirilirdi. Son illərdə isə bu mexanizm dəyişdirilib. Hazırda pensiyaların artırılmasında orta aylıq əməkhaqqının artım sürəti əsas götürülür. Bu il həmin göstərici təxminən 8 faiz civarındadır”.
Natiq Cəfərli hesab edir ki, 2027-ci ildə də pensiya və sosial ödənişlərdə artım gözlənilə bilər.
“Gələn il pensiya və sosial müavinətlərdə təxminən 8-10 faiz artım olması gözlənilir. Hazırkı iqtisadi göstəricilərə əsasən, belə bir artım ehtimalı mövcuddur. Bu məsələdə əsas götürülən göstərici orta aylıq əməkhaqqının artım tempidir”, – deyə iqtisadçı vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi əvvəlki ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsasən həyata keçirilir. Sosial müavinətlərin və yaşa görə sosial müavinətin artırılması isə ayrıca qərarlarla tənzimlənir.
Bu baxımdan, 2027-ci ilin əvvəlində pensiyaların indeksləşdirilməsi mümkün olsa da, sosial müavinətlərin eyni vaxtda və eyni faizlə artırılması ayrıca qərardan asılı olacaq. Ekspertin səsləndirdiyi 8-10 faizlik artım isə hələlik proqnoz xarakteri daşıyır.






