Logo

"Daşınmaz əmlak almaq daha sərfəlidir" - Ekspertdən tövsiyə

"Daşınmaz əmlak almaq daha sərfəlidir" - Ekspertdən tövsiyə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bankların əmanətlər üzrə faiz dərəcələrini aşağı salması sərbəst vəsaiti olan vətəndaşları alternativ investisiya imkanlarına yönəldir. Belə şəraitdə vəsaitin bankda saxlanılması ilə faiz gəliri əldə etmək, yaxud həmin pulla mənzil və ya torpaq alaraq daşınmaz əmlaka yatırım etmək məsələsi aktuallaşır. Xüsusilə daşınmaz əmlak bazarında qiymətlərin artması, mənzillərin kirayəyə verilməsi imkanları və torpaq sahələrinə tələbat investorların diqqətini bu sahəyə yönəldir.

Bəs hazırkı bazar şərtlərində bank əmanəti, yoxsa daşınmaz əmlak yatırımı daha çox qazanc vəd edir?

Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Sfera.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır.

Onun sözlərinə görə, alıcıların sayının artması qiymətlərin yüksəlməsinə, satışların zəifləməsi və təklifin çoxalması isə satıcılar arasında rəqabətin güclənməsinə səbəb olur:

“2009-cu ildən etibarən Azərbaycanda həm mənzillərin satış, həm də kirayə qiymətlərində müxtəlif templərlə artım müşahidə olunur və bu tendensiya 2026-cı ildə də davam edir. Sərbəst vəsaiti banka yerləşdirməkdənsə, həmin pulla daşınmaz əmlak almaq daha məqsədəuyğun investisiya seçimidir. Bu halda vətəndaş həm əmlakın kirayəsindən müntəzəm gəlir əldə edə, həm də bazar qiymətlərinin artması nəticəsində mülkiyyətinin dəyərinin yüksəlməsindən faydalana bilir”.

"Daşınmaz əmlak almaq daha sərfəlidir" - Ekspertdən tövsiyə

Ekspert nümunə olaraq qeyd edib ki, şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yeni tikilidə 200 min manatlıq mənzil alaraq onu aylıq 800-1000 manata kirayəyə vermək mümkündür. Bu isə il ərzində 9-12 min manat civarında kirayə gəliri deməkdir. O bildirib ki, əmlakın bazar dəyərindəki mümkün artım da nəzərə alındıqda, investisiyanın ümumi gəlirliliyi daha yüksək ola bilər:

“Bu yanaşma yalnız mənzillərə deyil, ticarət obyektlərinə və torpaq sahələrinə də aiddir. Xüsusilə çıxarışı olan, yaşayış məntəqələri təyinatlı və tikintiyə uyğun torpaqların məhdudluğu onların dəyərinin artmasına təsir göstərən amillərdəndir. Torpaq sahələri kirayə gəliri gətirməsə də, tələbatın artması və təklifin məhdudluğu onların investisiya baxımından cəlbediciliyini artıra bilər”.

Ekspert sərbəst vəsaiti olan şəxslərə investisiya qərarı verərkən daşınmaz əmlakın həm kirayə gəlirini, həm də gələcək satış dəyərini nəzərə almağı tövsiyə edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR