Dollar bir qədər də bahalaşa bilər - FED siyasətini sərtləşdirəcək
İnvestorlar diqqətini ABŞ, Yaponiya və Avropanın mərkəzi banklarının qarşıdakı faiz qərarlarına yönəldib. Mərkəzi bankların pul-kredit siyasətində atacağı addımlar dolların digər aparıcı valyutalar qarşısındakı mövqeyinə təsir göstərə bilər.
Bəs ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları dolların gələcək məzənnəsini necə dəyişə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarları dolların gələcək məzənnəsinə təsir edən əsas amillərdən biridir.
Onun sözlərinə görə, FED faizləri yüksək səviyyədə saxlayarsa və ya onların artırılması ehtimalını gücləndirən mesajlar verərsə, dolların mövqeyi möhkəmlənə bilər. Çünki yüksək faiz dərəcələri dollarla ifadə olunan aktivləri investorlar üçün daha cəlbedici edir və bu valyutaya tələbi artıra bilər:
“Faizlərin azaldılması dolların digər aparıcı valyutalar qarşısında zəifləməsinə şərait yarada bilər. Bununla belə, bazarın reaksiyası yalnız faiz qərarından asılı deyil. Qərarın investorlar tərəfindən əvvəlcədən nə dərəcədə gözlənilməsi, ABŞ-da inflyasiyanın səviyyəsi və iqtisadi artım perspektivləri də dolların məzənnəsinə təsir göstərir”.

A.Nəsirli vurğulayıb ki, Yaponiya və Avropa Mərkəzi banklarının qərarları da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ekspert düşünür ki, həmin banklar faizləri artırarsa, ABŞ ilə digər iqtisadiyyatlar arasındakı faiz fərqi azala bilər.
İqtisadçı diqqətə çatdırıb ki, dolların digər valyutalar qarşısında ucuzlaşması Azərbaycan iqtisadiyyatına dolayı yolla təsir göstərə bilər. Məsələn, avro dollar qarşısında möhkəmlənərsə, Avropadan idxal olunan məhsulların dollar ifadəsində qiyməti arta bilər. Onun sözlərinə görə, bu da həmin məhsulların Azərbaycana idxalının manatla ifadə olunan dəyərinin yüksəlməsinə və müəyyən məhsul qruplarında qiymət artımına gətirib çıxara bilər:
“Dolların zəifləməsi dünya bazarında bəzi xammal və əmtəələrin qiymətlərinə də təsir edə bilər. Bu dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsiri isə idxal və ixracın strukturundan, eləcə də beynəlxalq bazarlardakı qiymət dinamikasından asılı olacaq”.
İradə Elsevər






