Müharibə bitsə, neft ucuzlaşacaq? - "Azərbaycana təsir edəcək"
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb.
Tramp bu barədə Arizona ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Benzinin bahalaşacağını bilirdim. Amma açığı, qiymətlərin daha çox artacağını düşünürdüm”, –ABŞ lideri bildirib.
Trampın iddiasına görə, hazırda Hörmüz boğazından müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır. İranla müharibənin başa çatması dünya bazarında neftin qiymətini nə qədər aşağı sala bilər?
Bu barədə iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İranla müharibənin başa çatması dünya bazarında neftin qiymətinin aşağı düşməsi üçün ciddi zəmin yarada bilər:

“Müharibə dövründə neftin qiymətinə təchizatın dayanması ehtimalı, daşınma xərcləri və geosiyasi risklər də təsir göstərir. Gərginliyin azalması bu amillərin qiymətə təsirini zəiflədə bilər. Donald Tramp müharibənin tezliklə başa çatacağına dair açıqlama vesə də müharibənin nə vaxt bitəcəyi və bunun neft bazarına hansı sürətlə təsir edəcəyi hələ də qeyri-müəyyəndir. Neft bazarı siyasi bəyanatlarla yanaşı, real hadisələrə, hasilatın həcminə və daşınma imkanlarına da reaksiya verir. Əgər müharibə həqiqətən də başa çatarsa, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi təmin olunarsa və neft ixracı bərpa edilərsə, qiymətlərin bir barel üçün 10-20 dollar aşağı düşməsi mümkün ssenarilərdən biri sayıla bilər. Ancaq bu rəqəmi dəqiq proqnoz kimi qəbul etmək olmaz. Qiymətlərin hansı səviyyəyə enəcəyi müharibənin nəticələrindən, neft təchizatının bərpasından və dünya bazarındakı tələb-təklif nisbətindən asılı olacaq”.
İqtisadçının Azərbaycanla bağlı da proqnoz verib:
“Əgər neft infrastrukturu zərər görərsə, hasilatın bərpası gecikərsə və ya regionda gərginlik davam edərsə, qiymətlər yüksək qala bilər. Təbii olaraq dünya iqtisadiyyatında artım, OPEC+ ölkələrinin hasilat siyasəti və digər istehsalçıların bazara çıxardığı neftin həcmi də qiymətlərə təsir edəcək. Azərbaycan üçün də bu prosesin əhəmiyyəti böyükdür. Neftin ucuzlaşması dövlət büdcəsinə və ixrac gəlirlərinə təsir göstərə bilər. Buna görə də iqtisadi planlaşdırma yalnız yüksək neft qiyməti ehtimalına əsaslanmamalı, mümkün ucuzlaşma ssenariləri də nəzərə alınmalıdır. Mənim fikrimcə, hazırda neftin qiymətinin nə qədər aşağı düşəcəyini qəti şəkildə söyləmək tezdir. Əsas göstərici müharibənin bitməsi ilə bağlı açıqlamalar deyil, neft təchizatının nə dərəcədə bərpa olunması və geosiyasi risklərin real olaraq azalması olacaq. Məhz bu amillər dünya bazarında neftin gələcək qiymətini müəyyənləşdirəcək”.
Bəsti Rəfizadə






