Dizelin qiyməti Trampı qorxudur: İxrac dayandırıla bilər

ABŞ Prezidenti Donald Tramp ölkədə yanacağın qiymətinin artması fonunda dizel yanacağının ixracına məhdudiyyət qoyulması imkanını nəzərdən keçirdiyini açıqlayıb. Trampı bu qərarı qəbul etməyə dünyada dizel yanacağının bahalaşması vadar edir. ABŞ prezidenti ölkəsində qiymətlərin daha da yüksəlməsindən narahatdır.
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında ABŞ hökumətinin dizel yanacağının ixracına məhdudiyyət tətbiq etməsinin real ehtimal olduğunu bildirib.
Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsi ABŞ hökumətinin səlahiyyətləri çərçivəsindədir:
“Amerika hökuməti Venesuela prezidentini oğurlamağı, İranı vurmağı özünə rəva görür. Hansısa dizel yanacağının məhdudlaşdırılmasının tətbiqi niyə real olmasın? Amerika hökumətinin və dövlətinin səlahiyyətində olan məsələdir. İstənilən vaxt bunu edə bilər. Şirkətlər məcburi şəkildə buna uyğun hərəkət edə və ya könüllü şəkildə buna təşviq oluna bilərlər. Yəni faktiki olaraq qanunla qadağa tətbiq edilmir, fərman və ya sərəncam verilmir, lakin şirkətlərə dizel yanacağını müəyyən istiqamətlərə satmamaq tövsiyə olunur və onlar faktiki olaraq buna məcbur edilə bilərlər. Həmçinin müəyyən həcmdə limit tətbiq oluna və ya müəyyən müddət üçün ixrac məhdudlaşdırıla bilər. Bu, ABŞ-nin səlahiyyətində olan məsələdir və burada qeyri-adi bir vəziyyət yoxdur”.

İqtisadçı qeyd edib ki, belə bir qərarın Azərbaycana birbaşa təsirinin olacağı gözlənilmir:
“Azərbaycan ABŞ-dən demək olar ki, neft və dizel yanacağı almır. Buna görə də bizim üçün birbaşa təsir gözlənilmir. Lakin dolayı təsirlər mümkündür. Qlobal bazarda dizel yanacağının qiyməti arta bilər. Bu halda Azərbaycanın idxal etdiyi dizelin qiymətində də artım müşahidə oluna bilər. Qlobal bazarda dizelin qiyməti yüksələrsə, daşınma xərcləri də arta bilər. Nəticədə idxalın maya dəyəri yüksələr, nəqliyyat və logistika xərcləri artar. Bu isə daxili bazarda müəyyən idxal məhsullarının bahalaşmasına səbəb olar”.
Xalid Kərimli ABŞ-nin belə bir qərarının qlobal yanacaq bazarına da təsir göstərə biləcəyini bildirib. Onun fikrincə, ABŞ həm Avropaya, həm də Latın Amerikası və digər regionlardakı ölkələrə dizel yanacağı ixrac edir:
"ABŞ-dən idxalın azalması həmin ölkələri alternativ tədarük mənbələri axtarmağa vadar edə bilər. Alternativ istiqamətlər Asiya, Çin və digər bazarlar ola bilər. Bu ölkələr digər bazarlardan daha çox yanacaq almağa çalışdıqda tələbat artacaq və nəticədə qiymətlər yüksələ bilər. Təbii ki, bu, qlobal bazarda dizelin qiymətinə təsir göstərəcək. Bu qərarlar əsasən ABŞ daxilində yanacaq qiymətlərinin aşağı salınmasına yönəlib. Lakin ABŞ daxilində buna nail olunmasının nə dərəcədə mümkün olduğunu demək çətindir. Əgər belə bir məhdudiyyət tətbiq olunarsa, onun qısa müddətli təsirlərinin olması mümkündür”.
İradə Elsevər






