Mənzil almaq istəyənlər tələsməlidir - Bu ərazilərdə qiymətlər artacaq
Bakıda, eləcə də Abşeron yarımadasının digər hissələrində daşınmaz əmlak bazarında qiymət artımının qarşıdakı ildə də davam edəcəyi gözlənilir. Xüsusilə yeni infrastruktur layihələrinin icra olunduğu, nəqliyyat imkanlarının genişləndirildiyi və yeni yaşayış massivlərinin salındığı ərazilərdə mənzillərin dəyərinin daha sürətlə yüksələcəyi proqnozlaşdırılır. Paytaxtın inkişafı, köhnə yaşayış binalarının yenilənməsi, tikinti xərclərinin artması və yeni tikililərə tələbat mənzil bazarında qiymətlərə təsir edən əsas amillər sırasındadır. Bununla belə, bahalaşmanın bütün ərazilərdə eyni səviyyədə olmayacağı bildirilir.
Bəs qarşıdakı ildə hansı ərazilərdə daşınmaz əmlakın bahalaşması daha çox müşahidə olunacaq?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin rəhbəri Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirdi ki, 2027-ci ildə Bakı və ətraf ərazilərdə mənzil qiymətlərinin artımı davam edəcək.
Onun sözlərinə görə, bu prosesdə əsas rol oynayan amillərdən biri paytaxtda həyata keçirilən infrastruktur və şəhərsalma layihələridir:
“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana uyğun olaraq köhnə və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması, yeni yaşayış binalarının və sosial obyektlərin inşası daşınmaz əmlak bazarına təsir göstərəcək. Eyni zamanda, yeni tikililərdə tikinti normalarının və keyfiyyət tələblərinin yüksəlməsi, material və işçilik xərclərinin artması mənzillərin ilkin satış qiymətlərinin formalaşmasında mühüm amil olacaq”.

V.Oruc qeyd edib ki, qiymət artımının daha çox infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdə müşahidə olunacağı gözlənilir.
O bildirib ki, Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Böyükşor ərazisi, eləcə də yeni yolların, yol qovşaqlarının, metro stansiyalarının və sosial obyektlərin inşa ediləcəyi ərazilərdə daşınmaz əmlaka marağın artacağı proqnozlaşdırılır:
“Mərkəzi rayonlarda mənzil qiymətlərinin təxminən 10-15 faiz artması mümkündür. Abşeron istiqamətində, xüsusilə Xırdalan, Masazır, Hökməli, Binəqədi, Biləcəri, Əmircan və Hövsan kimi ərazilərdə isə yeni yaşayış massivlərinə marağın artacağı gözlənilir.
Sabunçu və Nərimanov rayonlarında, eləcə də digər inkişaf edən ərazilərdə təməldən inşa edilən yeni binaların qiymət artımı 20 faizdən çox ola bilər. Bu baxımdan, bazarda əsas bahalaşmanın binanın yerləşdiyi ərazidən əlavə, tikilinin yeniliyi, keyfiyyəti və müasir tikinti standartlarına uyğunluğu ilə bağlı olacağı gözlənilir”.
V.Oruc torpaq bazarında da qiymət artımının davam edəcəyini bildirib. Onun fikrincə, Xırdalan, Masazır, Hökməli, Binəqədi və Sulutəpə istiqamətlərində torpaq sahələrinə maraq yüksələ bilər:
“Dənizkənarı ərazilərdə, xüsusilə Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Nardaranda bağ və torpaq sahələrinin qiymətində də artım gözlənilir. 2027-ci ildə daşınmaz əmlak bazarında bahalaşmanın əsasən yeni tikililər və inkişaf edən yaşayış əraziləri üzrə daha qabarıq hiss olunacağı proqnozlaşdırılır. Bununla belə, qeyd olunan faizlər ekspertin proqnozlarıdır və bazardakı real qiymət dəyişiklikləri tələb, təklif və layihələrin icra tempindən asılı olacaq”.
İradə Elsevər






