Metallar bahalaşır, Azərbaycan qazancını artırır - RƏQƏMLƏR

Metallar bahalaşır, Azərbaycan qazancını artırır - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

2026-cı ildə qlobal metallar bazarında yaşanan kəskin bahalaşma dalğası həm sənaye istehsalçılarını, həm də sıravi istehlakçıları ciddi şəkildə təsir altına almağa davam edir.

Ekspertlər bu qiymət artımının müvəqqəti bir dalğa olmadığını, əksinə, bahalaşmanın uzunmüddətli və dayanıqlı xarakter daşıyacağını vurğulayırlar, çünki dünya iqtisadiyyatının köklü struktur dəyişiklikləri yaxın illərdə metallara olan yüksək tələbatı sabit saxlayacaq.

Sfera.az bildirir ki, hazırda ən bahalı metal qızıldır.

Qızılın 1 troya unsiyasnın dəyəri 4200 dollar səviyyəsindədir. Nəcib metalın qiyməti təxminən 8-10 faiz yüksəlib.

Qızılın qiymətinin yüksək olmasının əsas səbəbi qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklər fonunda investorların onu ən etibarlı sığınacaq hesab etməsidir. Eyni zamanda dünya mərkəzi banklarının öz ehtiyatlarını qorumaq üçün kütləvi şəkildə qızıl alması bu qiymət artımını daha da stimullaşdırır.

Qızılla bərabər digər qiymətli metal olan gümüş də bahalaşır. Gümüşün bahalaşması həm qiymətli metal kimi qoruyucu funksiyasından, həm də sənayedəki əvəzedilməz rolundan qaynaqlanır. Xüsusilə yaşıl enerji keçidinin tərkib hissəsi olan günəş panellərinin istehsalında gümüşə yaranan nəhəng tələbat onun qiymətini troya unsiya başına 56–58 dollar diapazonuna qədər yüksəldib.

Dəyəri xeyli artan metallardan misin qiyməti ton başına 14 500 dolları ötüb. Misi bahalaşdıran əsas amillər qlobal rəqəmsallaşma və süni intellekt bumu ilə birbaşa bağlıdır. Süni intellekt üçün qurulan nəhəng data mərkəzləri, elektrik şəbəkələrinin yenilənməsi və elektrikli avtomobillərin istehsalı misə olan tələbatı pik həddə çatdırıb.

Bahalaşan digər əlvan metal alüminiumdur. Alüminiumun bir tonunun qiyməti 3 700 - 3 800 dollar səviyyəsinə yüksəlib. Bu metalı bahalaşdıran istehsal prosesindəki yüksək enerji xərcləri və tədarük zəncirindəki qırılmalar səbəb olub. Alüminium istehsalı çox böyük həcmdə elektrik enerjisi tələb etdiyindən, qlobal enerji resurslarının bahalaşması və yeni tətbiq edilən ekoloji vergilər bu metalın maya dəyərini birbaşa artırır.

Qeyd edək ki, qlobal birjalardakı kəskin bahalaşma Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac gəlirlərinə çox müsbət təsir göstərib. Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-avqust (8 aylıq) hesabatlarına əsasən, ölkəmizin metal ixracından əldə etdiyi gəlirlər rekord səviyyədə artıb.

Azərbaycan bu ilin ilk 8 ayında 276 milyon dollar dəyərində qızıl ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% və ya təxminən 60,5 milyon dollar xalis artım deməkdir.

Bahalaşma dalğası alüminium ixracını ən gəlirli ikinci qeyri-neft məhsuluna çevirib. Səkkiz ayda ölkəmizdən 193,5 milyon dollarlıq alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 58 milyon dollar çoxdur.

Mis ixracı da böyük gəlir əldə etməyə imkan verib. Azərbaycan ilk 8 ayda xaricə 183,7 milyon dollar dəyərində mis filizləri və konsentratları satıb. Müqayisə göstərir ki, bu il mis ixracında artım 47 milyon dollar və ya 35 faiz olub.

2026-cı ilin ilk 8 ayında (yanvar-avqust) Azərbaycan ümumilikdə 698,3 milyon dollar dəyərində metal və metal məmulatları ixrac edib. İlk 8 ayda metalların ixracı 169,5 milyon dollar (yəni 32%) artıb.

Rəqəmlərdəki dəyişikliklər göstərir ki, dağ-mədən sənayesi hazırda Azərbaycan iqtisadiyyatına ən böyük və dayanıqlı fayda gətirən aparıcı sahələrdən birinə çevrilməkdədir. Neft və qazdan asılılığı azaltmaq istəyən ölkəmiz üçün bu sektor qeyri-neft sənayesinin əsas hərəkətverici qüvvəsi ola bilər.

Bununla bərabər hazırkı qlobal iqtisadi konyunkturada dağ-mədən sənayesinə investisiya qoymaq son dərəcə faydalı və strateji cəhətdən gəlirlidir. Dünya iqtisadiyyatının rəqəmsallaşma, süni intellekt bumu və yaşıl enerjiyə keçid dövrünü yaşaması metallara olan tələbatı uzunmüddətli trenddə yüksək saxlayacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR