Müharibələr dizeli kəskin bahalaşdırır

Avropada və dünyada dizel yanacağının bahalaşması müşahidə edilir. ABŞ rəsmilərinin açıqlamasına görə, dizel yanacağının digər yanacaq növləri ilə müqayisədə daha çox bahalaşmasının səbəbi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələrdir.
Neft məsələləri üzrə ekspert İlham Şaban Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın neft emalı müəssisələrinə və neft məhsulları anbarlarına qarşı hücumların dizel bazarına təsiri var.
Onun sözlərinə görə, Rusiya uzun illər dünya bazarında əsas dizel ixracatçılarından biri kimi çıxış edib:
“Lakin Ukraynanın Rusiya ərazisində neftayırma zavodlarını və neft məhsullarının saxlandığı obyektləri hədəfə alması ölkənin daxili bazarında da ciddi təchizat problemləri yaradıb. Yaranmış vəziyyət nəticəsində Rusiya müəyyən müddət ərzində dizel ixrac edən ölkədən bu məhsulu idxal edən ölkəyə çevrilib. Bu isə qlobal bazarda dizel təklifinin azalmasına və qiymətlərin yüksəlməsinə əlavə təzyiq yaradıb”.

İ.Şabanın fikrincə, bazardakı bu proseslər nəticəsində bir sıra ölkələrdə dizelin pərakəndə satış qiyməti AI-95 markalı benzinin qiymətini belə üstələyib:
“Rusiyanın neft emalı güclərinə qarşı hücumların davam etməsi dizel bazarında təchizatla bağlı riskləri artıran amillərdən biri olaraq qalır. Bununla yanaşı, dizelin qiymətinə yalnız Rusiya-Ukrayna müharibəsi deyil, dünya neft bazarındakı ümumi vəziyyət, emal gücləri və regional tələbat da təsir göstərir”.
İradə Elsevər





