Azərbaycanda mal ətinin bahalaşma xronikası - Qiymətlər daha da artacaq

Azərbaycanda mal ətinin bahalaşma xronikası - Qiymətlər daha da artacaq
Kateqoriya məlum deyil
T

Azərbaycanda son 3 ildə mal ətinin qiymətində davamlı artım müşahidə edilir və bu artımlar nəticəsində erkək dana ətinin pərakəndə satış qiyməti artıq 20 manata çatıb.

Sfera.az xatırladır ki, yaxın keçmişə qədər ölkəmizdə mal ətinin qiyməti indiki qiymətlərdən təxminən 2 dəfə aşağı idi.

Məsələn, 2014-cü ildə mal ətinin (bura dana əti, yaşlı heyvanların əti və donmuş ətin orta qiyməti daxildir) orta qiyməti 7,5 manat, dana ətinin dəyəri isə 8 manat təşkil edirdi. Sonrakı illərdə də bu artım davam etdi. Belə ki, mal ətinin orta qiyməti 2016-cı ildə 9 manata (dana əti 10,5 manat), 2019-cu ildə 10,5 manata (dana əti 11,5 manat), 2021-ci ildə 11 manata (dana əti 12 manat), 2023-cü ildə 14 manata (dana əti 16 manat), 2025-ci ildə isə 16 manata (dana əti 17–18 manat) yüksəldi. 2026-cı ilin avqust ayına olan son məlumatlara əsasən isə mal ətinin dəyəri 17 manata, dana ətinin qiyməti isə 19–20 manata çatıb.

Qiymət dinamikasından aydın görünür ki, ölkəmizdə mal ətinin bahalaşması məhz 2023-cü ildən etibarən daha kəskin xarakter alıb və buna əsas səbəb kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Həmin müharibə Azərbaycanın əsas mal əti idxal etdiyi Rusiya və Ukraynada qiymətlərin yüksəlməsinə səbəb oldu. Xüsusilə taxılın bahalaşması və logistika xərclərinin artması qiymətlərə birbaşa təsir etdi.

2025 və 2026-cı illərdə isə dünyada qırmızı ət qiymətlərində ciddi artım qeydə alınıb. Yəni, son bir ildə sadəcə regional amillər deyil, həm də qlobal faktorlar əti bahalaşdırır.

FAO-nun məlumatına əsasən, mal ətinin qlobal dəyəri təxminən 10 faiz artıb. Artıq bir ildir ki, beynəlxalq bazarda mal ətinin dəyəri ən yüksək qiymətlərə satılır.

Biz bunu idxalda da görürük. Rəsmi statistik məlumatlara görə, cari ildə ət və ət məhsullarının qiyməti 16,5 faiz, ümumilikdə heyvan mənşəli məhsullarda 7 faizdən çox bahalaşma qeydə alınıb.

Ölkəmizdə qiymət artımını şərtləndirən digər mühüm daxili amil heyvan sayının azalmasıdır. Yüksək yem qiymətləri heyvan sahiblərini mövcud mal-qaranı bəsləmək əvəzinə ətlik məqsədilə kütləvi şəkildə satmağa vadar edir.

Yaranmış vəziyyəti dəyərləndirən iqtisadçıların və bazar ekspertlərinin rəyinə əsasən, Azərbaycanda mal ətinin qiymətində artım tendensiyasının qarşıdakı aylarda da davam edəcəyi gözlənilir. Ekspertlər yaxın həftələr ərzində kəskin və ani bir qiymət sıçrayışının olmayacağını bildirsələr də, payız-qış mövsümünün tam qüvvəyə minməsi ilə növbəti aylarda mal ətinin qiymətində tədrici və məhdud artımların davam edəcəyi ehtimalını, ucuzlaşma ssenarisindən qat-qat yüksək qiymətləndirirlər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR