Azərbaycan bu il ən çox nə alıb, nə satıb? – Statistika

Azərbaycan bu il ən çox nə alıb, nə satıb? – Statistika
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 milyard dollar təşkil edib. Bu müddətdə 21,8 milyard dollarlıq məhsul ixrac edilib, idxalın həcmi isə 11,4 milyard dollar olub.

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları aparıb. İdxal olunan məhsulların çeşidi 7 226, ixrac olunan malların çeşidi isə 2 436 olub.

İdxalın strukturuna baxdıqda ən böyük pay maşın, mexanizm, elektrik aparatları və avadanlıqların payına düşüb. Bu kateqoriya üzrə idxal 2,69 milyard dollar təşkil edib və ümumi idxalın 23,6 faizini əhatə edib. Nəqliyyat vasitələri və onların hissələri üzrə idxal 1,49 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 755,4 milyon dollar olub.

Ərzaq məhsulları üzrə idxalın ümumi dəyəri 1,83 milyard dollar təşkil edib. Bunun 185,2 milyon dolları buğdanın, 102,4 milyon dolları kərə yağı və süddən hazırlanmış digər yağların, 205,2 milyon dolları tərəvəz və meyvələrin payına düşüb. Əczaçılıq məhsullarının idxalı isə 342,9 milyon dollar olub.

İxracda isə əsas ağırlıq mineral yanacaq, neft və neft məhsullarının üzərinə düşüb. Bu məhsulların ixracı 15,55 milyard dollar olmaqla ümumi ixracın 71,3 faizini təşkil edib. Qiymətli metallar və onlardan hazırlanan məmulatlar üzrə ixrac 3,74 milyard dollar, meyvə və qoz-fındıq üzrə 422,2 milyon dollar, plastmassa və onlardan hazırlanan məmulatlar üzrə 228,4 milyon dollar olub.

Qeyri-neft ixracında da meyvə-tərəvəz, qiymətli metallar, plastmassa, alüminium, pambıq və filizlər əsas məhsullar sırasında yer alıb. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 25 faizə yaxın olub.

Ölkələr üzrə göstəricilər də maraqlı mənzərə yaradır. Azərbaycanın əsas ixrac tərəfdaşı İtaliya olub. Bu ölkəyə ixrac 8,07 milyard dollar təşkil edib və ümumi ixracın 37 faizinə yaxınını əhatə edib. İxracda Böyük Britaniyanın payı 15,95 faiz, Gürcüstanın 3,02 faiz, Rumıniyanın 2,82 faiz, Yunanıstanın 2,59 faiz olub.

İdxalda isə ilk sırada Çin dayanıb. Çindən Azərbaycana 2,92 milyard dollarlıq məhsul gətirilib və bu, ümumi idxalın 25,55 faizidir. Rusiyanın payı 13,75 faiz, Almaniyanın 4,22 faiz, ABŞ-nin 4,37 faiz, İranın 3,41 faiz, İtaliyanın isə 3,01 faiz təşkil edib.

2026-cı ilin ilk 8 ayının statistikası göstərir ki, Azərbaycanın ixracında neft və digər mineral məhsullar, idxalında isə maşın-avadanlıq, nəqliyyat vasitələri və sənaye məhsulları üstünlük təşkil edib. Xarici ticarətin coğrafiyasında isə İtaliya ixracda, Çin isə idxalda əsas tərəfdaş kimi seçilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR