Regionlarda böyük canlanma olacaq - Minlərlə yeni iş yeri açılacaq

Bu ilin aprelində təsdiqlənən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” proqramında nəzərdə tutulan tədbirlərin icrası regionlarda 5 mindən çox daimi iş yerinin yaradılmasın imkan yaradacaq. Bu layihələrin həyata keçirilməsi xüsusilə Qərb regionunda məşğulluğun artmasına, əhalinin gəlirlərinin yüksəlməsinə və regionun iqtisadi aktivliyinin genişlənməsinə mühüm təsir göstərə bilər.
İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, sahənin inkişafı yeni iş yerlərinin yaradılması ilə yanaşı, Azərbaycanın ixrac imkanlarının genişlənməsinə və iqtisadiyyatda əlavə dəyərin formalaşmasına ciddi dəstək verəcək.
Onun sözlərinə görə, layihələrin reallaşdırılması regionda həm birbaşa, həm də dolayı məşğulluğun artmasına şərait yarada bilər.

Ekspert qeyd edib ki, bunun üçün ilk növbədə investisiya məsələsi həll edilməli, müasir texnologiyalara çıxış imkanları təmin olunmalıdır. Onun fikrincə, istehsal proseslərində yeni texnologiyaların tətbiqi sahənin rəqabət qabiliyyətini artırmaqla yanaşı, yaradılacaq iş yerlərinin daha dayanıqlı olmasına da imkan yaradacaq:
“Yəqin ki, xarici investorlar da cəlb olunacaq. Ümumiyyətlə, yeni texnologiyalar, xarici investisiyaların cəlbi yeni iş yerlərinin yaranması və cəlbediciliyi baxımından kifayət qədər maraqlı bir layihədir”.
İqtisadçı əlavə edib ki, investisiya axınının artması regionda yeni istehsal və xidmət sahələrinin formalaşmasına da təkan verə bilər. Onun sözlərinə görə, bu, yerli sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsi, əhalinin gəlir imkanlarının artması və iqtisadi dövriyyənin canlanması baxımından əlavə imkanlar yaradacaq.
N.Cəfərov qeyd edib ki, layihənin uğurla reallaşdırılması bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatında mühüm çəkiyə malik yeni bir sahənin formalaşmasına səbəb olacaq:
“Bu baxımdan, proqram çərçivəsində nəzərdə tutulan investisiyaların səmərəli yönəldilməsi və müasir texnologiyaların tətbiqi həm məşğulluğun artırılması, həm də regionların iqtisadi inkişafının sürətləndirilməsi baxımından əhəmiyyət daşıyır”.
İradə Elsevər






