Azərbaycanda 2027-ci ildə bahalaşma olacaq? - PROQNOZ

Asiya İnkişaf Bankı (ADB) bildirib ki, Azərbaycanda qiymətlər bu il orta hesabla təxminən 5,9% arta bilər. Gələn il isə artımın 5%-ə düşəcəyi gözlənilir.
Amma maraqlı məqam odur ki, Azərbaycanda inflyasiya ilə bağlı proqnoz verən qurumların rəqəmləri bir-birindən xeyli fərqlənir. Məsələn: ADB 5,9% İqtisadiyyat Nazirliyi 5,7% Mərkəzi Bank 6,1% ING –5,8% Fitch Ratings 4,6% Moody's 3% BMT 3,1% Dünya Bankı 2,3% proqnozlaşdırıb.
Maraqlıdır, yüksək neft qiymətləri və regional müharibələrin davam etdiyi şəraitdə gələn il Azərbaycanda inflyasiya səviyyəsinin gözləniləndən yüksək olması mümkündürmü? Daha ciddi qiymət artımı ərzaq, yoxsa qeyri-ərzaq məhsullarında müşahidə oluna bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, yüksək neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də inflyasiyaya təkan verə biləcək təsirləri var.

Onun sözlərinə görə, neftin bahalaşması bir tərəfdən ölkənin ixrac gəlirlərini artırır, dövlət büdcəsinə daxilolmaları və iqtisadiyyatda pul dövriyyəsini dəstəkləyə bilər. Digər tərəfdən isə regional müharibələr enerji daşıyıcılarının, logistika, sığorta və xammal xərclərinin artmasına səbəb olarsa, bu, idxal olunan məhsulların maya dəyərinə təzyiq yarada bilər:
“Neft qiymətlərinin uzun müddət yüksək qalması yanacaq və nəqliyyat xərcləri vasitəsilə bir çox məhsulun qiymətinə təsir göstərə bilər. Xüsusilə beynəlxalq daşımaların və kənd təsərrüfatında istifadə olunan gübrələrin bahalaşması qiymət artımını enerji sektoru ilə məhdudlaşdırmayaraq digər sahələrə də yaya bilər. Regional müharibələr davam etdiyi və enerji ilə gübrə xərcləri yüksək qaldığı halda, ərzaq qiymətləri orta və uzunmüddətli perspektivdə daha ciddi risk daşıyan sahələrdən biri olacaq. Bunun əsas səbəbi ərzaq istehsalının yalnız enerji qiymətlərindən deyil, həm də gübrə, toxum, suvarma, kənd təsərrüfatı texnikası və logistika xərclərindən asılı olmasıdır. Enerji təchizatında yaranan problemlər gübrə istehsalına da təsir göstərdiyindən, bu xərclər son nəticədə kənd təsərrüfatı məhsullarının qiymətlərinə keçə bilər. Asiya İnkişaf Bankı da yüksək enerji və gübrə xərclərinin ərzaq təhlükəsizliyi üçün risk yaratdığını qeyd edir. Ərzaq qiymətlərinin bütün qeyri-ərzaq məhsullarından daha çox artacağını indidən söyləmək mümkün deyil. Ərzaq bazarında daxili istehsalın həcmi, məhsuldarlıq, mövsümi amillər, idxal mənbələri və dünya bazarında taxıl, ət, süd kimi əsas məhsulların qiymətləri mühüm rol oynayır. Azərbaycanda hansı ərzaq məhsullarının idxaldan asılılığı yüksəkdirsə, manatın məzənnəsində dəyişiklik olmasa belə, xarici tədarük xərclərinin artması daxili bazarda bahalaşmaya səbəb ola bilər”.
İqtisadçı qeyd edib ki, qeyri-ərzaq məhsullarında isə ilk qiymət təzyiqinin yanacaq, nəqliyyat, tikinti materialları, məişət texnikası və idxal olunan sənaye mallarında müşahidə oluna biləcəyi bildirilir. Bu məhsulların bir hissəsi qlobal enerji və logistika xərclərindəki dəyişikliklərə daha sürətli reaksiya verir.
A.Aydının fikrincə, 2027-ci ildə Azərbaycanda inflyasiyanın gözləniləndən yüksək olub-olmayacağı əsasən üç amildən asılı olacaq. Bunlardan birincisi regional müharibələrin enerji və nəqliyyat marşrutlarına təsirinin nə qədər davam etməsidir.
İkinci amil dünya bazarında neft, qaz, gübrə və ərzaq məhsullarının qiymət dinamikasıdır. Üçüncü amil isə yüksək neft gəlirlərinin daxili tələbi, dövlət xərclərini və iqtisadiyyatda pul dövriyyəsini nə dərəcədə artıracağıdır.
“Enerji qiymətlərinin yüksək qalması ilə yanaşı, təchizat zəncirindəki problemlər də davam edərsə, Azərbaycanda inflyasiyanın mövcud gözləntilərdən yuxarı qalması riski artır”,– ekspert əlavə edib.
Firuzə Əliyeva
Sfera.az






