Azərbaycana avtomobil idxalı azalır - Son 6 ilin antirekordu

Azərbaycana avtomobil idxalında son 6 ilin antirekordu qeydə alınır.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2026-cı ilin yanvar-avqust ayları (ilk 8 ay) ərzində əvvəlki ilin eyni dövrünə nisbətən kəskin azalaraq 48 398 ədəd olub.
2025-ci ilin ilk 8 ayında idxal edilən avtomobil sayı 74 481 ədəd olmuşdu. Müqayisə göstərir ki, cari ildə idxal edilən avtomobillərin sayı 26 083 ədəd və ya 35 faiz azalıb.
Əvvəlki illərlə müqayisə etdikdə görürük ki, bu il qeydə alınan idxal sayı son 6 ilin ən aşağı göstəricisidir. Bundan daha az göstərici 2020-ci ildə qeydə alınmışdı. Həmin ildə Azərbaycana 33 178 avtomobil gətirilmişdi.
2020 və 2026-cı illərin ilk 8 ayının məlumatları göstərir ki, ölkəmizə avtomobil idxalında azalma əsasən minik avtomobillərində qeydə alınıb.
Bu dəyişikliyi aşağıdakı cədvəldən daha aydın görmək olar.

Dövlət Gömrük Komitəsinin məlumatlarından görünür ki, idxal edilən avtomobil sayında ciddi azalma olsa da bu hal idxal dəyərində özünü göstərməyib. Belə ki, idxala xərclənən vəsait yalnız 2023, 2024 və 2025-ci illərdən az olub. Məsələn, 2025-ci ilə nisbətən avtomobil idxalına çəkilən xərc 425 milyon manatdan çox azalıb. Amma idxala çəkilən xərc 2020-2022-ci illərdən xeyli yüksək olub.
Bunun səbəbini son illərdə Azərbaycana daha çox yeni avtomobillərin idxal edilməsi ilə əlaqələndirmək olar. Yeni avtomobillərin idxal sayının artması ona xərclənən vəsaitin də həcminə təsir edib.
Bununla yanaşı son illər yük, avtobus və xüsusi təyinatlı avtomobillərin idxalında da fərq var. 2020, 2021 və 2022-ci illərlə müqayisədə həmin avtomobillərin idxalı xeyli artıb. Adıçəkilən avtomobillərin dəyəri yüksək olduğundan onların sayının artası ümumi idxala çəkilən xərcləri də artırıb.
Vasif






