Tramp niyə Zelenskidən dayanmağı istədi?

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı obyektlərinə hücumlarını dayandırmalı olduğunu bildirib.
O, bu hücumların dünyada dizel yanacağı qıtlığına səbəb olduğunu və enerji bazarına mənfi təsir göstərdiyini deyib.
Bəs Ukraynanın Rusiyanın neft emalı obyektlərinə zərbələri qlobal yanacaq və neft bazarına real olaraq nə qədər təsir edir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Rusiyanın neftayırma zavodları “Qlobal Cənub” adlandırılan coğrafi bölgənin dizel yanacağı ilə təminatında hər zaman mühüm rol oynayıb.

Onun sözlərinə görə, dizel yanacağı kənd təsərrüfatının fəaliyyəti və inkişafı üçün əsas yanacaq növlərindən biridir:
“Çünki kənd təsərrüfatı avadanlıqları, kombaynlar, traktorlar əsasən dizellə işləyir. Söhbət ondan gedir ki, dizel çatışmazlığı zəncirvari reaksiya yaradaraq ərzaq böhranına gətirib çıxara bilər. Traktorlar işləməsə, kombaynlar fəaliyyət göstərməsə, bu, ərzaq böhranına səbəb ola bilər. Çox güman ki, bu təklif və ya çağırış da bununla bağlıdır. Digər tərəfdən, Rusiya ilə Amerika arasında Ukrayna məsələsi ilə bağlı danışıqlar da gedir. Bəzi açıqlamalar, obrazlı desək, Rusiyanın xoşuna gəlməli olan açıqlamalar olmalıdır ki, onları danışıqlara cəlb etmək mümkün olsun. Yəni bu nöqteyi-nəzərdən mən anlayıram ki, Amerika Birləşmiş Ştatları nə demək istəyir. Bu, həm dünyada ərzaq böhranının yaranmamasına çağırışdır, həm də Rusiya ilə aparılan danışıqlarda müəyyən mənada onun rəğbətini qazanmağa hesablanmış addım ola bilər”.
Qeyd edək ki, Ukrayna son günlər Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Sentyabrın 13-də Ukrayna tərəfi Krasnodar vilayətində yerləşən Slavyansk neft emalı zavoduna və Tatarıstandakı TANECO zavoduna hücum edildiyini açıqlayıb. Hər iki obyektdə yanğın baş verdiyi bildirilib. TANECO zavodu ildə 16 milyon tondan çox neft emal etmək gücünə malikdir və benzinlə yanaşı, dizel və aviasiya yanacağı da istehsal edir.
Firuzə Əliyeva






