İqtisadiyyatın "tikinti asılılığı": Qeyri-neft sektorundakı böyüməni zəiflədir

İqtisadiyyatın "tikinti asılılığı": Qeyri-neft sektorundakı böyüməni zəiflədir
Kateqoriya məlum deyil
T

Azərbaycanda son illərdə ümumi daxili məhsulun (ÜDM) artım sürətinə təsir edən əsas amillərdən biri də tikinti sektorundakı zəifləmədir. Uzun illər ÜDM-nin artımına böyük töhfələr verən tikinti sektoru devalvasiyadan sonra əlavə dəyərin artımına yetəri qədər kömək edə bilmir.

Sfera.az bildirir ki, Azərbaycanda son 10 ildə tikinti sektoru ciddi transformasiya mərhələlərindən keçib.

Neft bumu dövrünün (2014-2015) kəskin dövlət investisiyalarından sonra yaranan böhran, ardınca gələn stabilləşmə və işğaldan azad edilmiş torpaqlarda (Qarabağ və Şərqi Zəngəzur) başlayan irimiqyaslı layihələr sektorun inkişaf dinamikasına birbaşa təsir göstərib. Son 10 ildə baş verən dəyişikliklər nəticəsində tikintinin ÜDM-dəki payı 12,5 faizdən 5,1 faizə qədər geriləyib.

On il əvvəl tikintinin ümumi ÜDM-dəki payı 12,5 faiz təşkil edirdi. Həmin dövrdə neft gəlirlərinin genişmiqyaslı infrastruktur layihələrinə (yollar, dövlət binaları, idman kompleksləri) yönəldilməsi hesabına bu sahədə yaradılan əlavə dəyərin həcmi xeyli artmışdı.

Tikintinin böyüməsi sayəsində isə ÜDM-nin də həcmi böyüyür, eləcə də xüsusən qeyri-neft ÜDM-ində artım sürəti daim yüksək səviyyədə qalırdı.

Devalvasiyadan sonra dövlət investisiya xərclərinin optimallaşdırılması ilə tikintinin xüsusi çəkisi iki dəfə azaldı. İllik istehsal olunan əlavə dəyər nominal olaraq 4-5 milyard manat ətrafında dəyişdi. 2021-2023-cü illərdə Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr sayəsində sektorda həcm yenidən böyüdü. Bunun sayəsində tikintinin ÜDM-dəki payı 6,7 faizə qədər artdı.

2024-2026-cı illərdə isə sektorun payı yenidən azalaraq bu ilin sentyabrın 1-nə olan məlumata əsasən, 5,1 faizə düşüb. Son məlumata görə, tikintində 12,5 faiz azalma baş verib.

Ötən 10 ildə nominal ifadədə tikintində istehsal olunan əlavə dəyərin həcmi manatın dəyərsizləşməsi və inflyasiya hesabına 4-5 milyard manat səviyyəsində qorunsa da, ölkə iqtisadiyyatının digər sahələri (ticarət, rabitə, nəqliyyat) daha sürətlə böyüdüyü üçün tikintinin ÜDM-dəki nisbi payı yarıbayarı azalıb. Tikinti sektorundakı böyümənin durğunluqla əvəzlənməsi qeyri-neft-qaz sektorunda ÜDM istehsalının dinamikasına güclü təsir edib. Əvvəllər tikinti böyüyəndə qeyri-neft-qaz sektorunda ÜDM istehsalında artımı gücləndirdiyi kimi, hazırda azaldıcı istiqamətdə çox ciddi və birbaşa təsiri var. Tikinti sahəsi qeyri-neft-qaz iqtisadiyyatının daxili drayveri hesab edildiyi üçün bu sahədəki hər hansı dalğalanma ümumi qeyri-neft ÜDM-inin artım tempini birbaşa diktə edir.

Tikinti qeyri-neft ÜDM-inə multiplikativ təsirə də malikdir. Tikintiyə qoyulan milyardlarla manat vəsait sement, metal, logistika, ticarət və məşğulluq kimi digər qeyri-neft sahələrini də canlandıraraq qeyri-neft iqtisadiyyatının ildə 5–6 faiz səviyyəsində böyüməsinə kömək edirdi. Cari dövrdə (2026-cı ilin ilk 8 ayında) tikinti sektorundakı vəziyyət qeyri-neft ÜDM-inin böyümə tempini aşağı salan əsas amildir.

Maliyyə Nazirliyi və analitiklərin rəsmi rəylərinə görə, tikinti sektorundakı durğunluq qeyri-neft sektorunun ümumi potensialını tam nümayiş etdirməyə mane olur. Məhz tikinti sektorundakı mənfi təsir nəticəsində qeyri-neft-qazda ÜDM istehsalının artım sürəti 2 faiz səviyyəsinə geriləyib. Sektorda işlərin səngiməsi ümumi qeyri-neft göstəricilərində zəifləmə kimi özünü biruzə verir.

Bu asılılığı tezliklə aradan qaldırmaq mümkün deyil. Belə güclü asılılığın aradan qaldırılması üçün illərlə zaman tələb olunacaq. Buna görə də hələ bir müddət tikintindəki vəziyyət qeyri-neft-qaz sektorunun artım göstəricisinə güclü təsir edən amil kimi çıxış edəcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR