Sənayedə struktur dəyişir: Bu sahələrdə istehsal sürətlə artır

Azərbaycanda son illərdə emal sənayesinin bəzi sahələrində istehsal göstəricilərinin nəzərəçarpacaq dərəcədə artması müşahidə edilir.
Sfera.az bildirir ki, istehsaldakı kəskin artım hesabına həmin sahələrin ümumi sənaye istehsalında payı yüksəlib.
Son 10 ilin müqayisəsindən sənaye sahələrində istehsal həcmlərindəki dəyişiklikləri daha aydın görmək mümkündür. Müqayisə göstərir ki, son 10 ildə içki, tütün, toxuculuq, kağız və karton, kimya, tikinti materialları, metallurgiya, mebel və avtomobil sənayesi sahələrində artım sürəti digərlərindən yüksək olub.
Ən böyük böyümə sürəti kimya sənayesində qeydə alınıb. Burada 2016-cı ildə istehsalın dəyəri 373 milyon manat idi və cəmi sənaye istehsalında payı 1,2 faiz təşkil edirdi. 2025-ci ilin sonuna baxdıqda görürük ki, bu göstərici 1,58 milyard manata, sənaye istehsalındakı payı isə 2,7 faizə yüksəlib. Bu sahəyə aid olan Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer", Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması sayəsində ölkə polimer və gübrə idxalçısından nəhəng regional ixracatçıya çevrilib. Bunun sayəsində sektor son 10 ildə həcm baxımından ən çox böyüyən sahələrdən birinə çevrilib.
Metallurgiya sənayesi də ciddi böyümə əldə edən sahələrdəndir. 2016-cı ildə burada 288 milyon manat dəyərində istehsal olmuşdu. Bu istehsalın cəmi sənaye istehsalında payı 0,9 faiz idi. Ötən ilin sonunda metallurgiyada istehsalın həcmi 904 milyon manata, sənayedəki payı isə 1,53 faizə yüksəlib. Azərbaycanda metallurgiya sənayesinin inkişafı əsasən regionlarda yaradılan sənaye parkları, dağ-mədən layihələrinin genişləndirilməsi və mövcud nəhəng müəssisələrin modernləşdirilməsi xətti ilə gedir. Həm qara, həm də əlvan metallurgiya sahəsində layihələrin genişlənməsi müşahidə edilir.
Tikinti materiallarının istehsalı ənənəvi sahə olmaqla son illərdə böyüyüb. On il əvvəl ölkəmizdə 347 milyon manat dəyərində tikinti materialları istehsal edilmişdi və bu, cəmi sənaye istehsalının 1,5 faizini təşkil edirdi. Ötən ilin yekunlarına görə, istehsalın həcmi 1,46 milyard manata çatıb və sənayedə payı 2,47 faizə yüksəlib. Tikinti materiallarının istehsalı sahəsində də əsasən mövcud müəssisələrdə istehsalın genişləndirilməsi müşahidə olunub.
Tütün məmulatlarının istehsalı ciddi böyüməyə nail olan digər sahədir. Burada 10 il ərzində istehsalın dəyəri 41 micron manatdan 1,05 milyard manata qədər artıb. Hazırda sənayenin 1,7 faizi tütün məmulatlarının istehsalının payına düşür.
Maşın və avadanlıqların təmiri sahəsində də nəzərəçarpacaq artım var. On il əvvəl sahədə yaradılan dəyər 440 milyon manat olduğu halda, hazırda 1,1 milyard manatdır.
Avtomobil istehsalı sahəsində də ciddi dəyişiklik baş verib. 2016-cı ilə qədər ölkədə yerli sənaye miqyaslı avtomobil istehsalı demək olar ki, mövcud deyildi. Neftçala və Hacıqabul sənaye məhəllələrinin qurulması sahəni xeyli böyüdüb. 2016-cı ildə ölkəmizdə cəmi 154 milyon manatlıq avtomobil və onların hissələri istehsal edilib. Ötən ilin sonunda bu göstərici 334 milyon manata çatıb.
Qeyd edək ki, emal sənayesi sahələrinin inkişafı iki cəhətdən önəmlidir. İstehsalın böyüməsi bir tərəfdən daxili tələbin daha əlverişli qiymətlərlə qarşılanmasına imkan verir, digər tərəfdən isə ixracın artırılmasını dəstəkləyir. Son illərdə qeyri neft-qaz məhsullarının ixrac dəyərinin 1,9 milyard dollardan 3,6 milyard dollara qədər artmasında məhz sənaye istehsalındakı artımın böyük rolu olub.
Vasif






