Hotellər niyə dolmadı? - Ekspert səbəbləri AÇIQLADI

Hotellər niyə dolmadı? - Ekspert səbəbləri AÇIQLADI
Kateqoriya məlum deyil
T

2026-cı ilin yay turizm mövsümü başa çatır. Mövsümün nəticələri Azərbaycanda turist sayı, sektorun real gəlirliliyi məsələsini gündəmə gətirib. Hotel doluluğu ilə gəlirlilik arasında fərq yaranması, qiymətlərin turistlərin gözləntiləri ilə uyğun olmaması və xidmət səviyyəsi sektorun qarşısında müəyyən problemlərin olduğunu göstərir.

Turizm eksperti Ceyhun Aşurov Sfera.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin yay mövsümündə ölkəyə gələn turistlərin sayında və turist xərcləmələrində azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, yay mövsümündə xaricdən gələn turistlərin sayında təxminən 9-10 faiz, turist xərcləmələrində isə 20 faizə qədər azalma qeydə alınıb. Hotellərdə ümumi doluluq da əvvəlki dövrlə müqayisədə 20 faizdən çox aşağı düşüb.

C.Aşurov qeyd edib ki, ölkəyə gələn bütün əcnəbilər hotellərdə qalmadığı üçün turist sayındakı azalma birbaşa hotel gecələmələrində daha ciddi hiss olunur.

Onun fikrincə, turistlərin bir hissəsi dost və qohumlarının evlərində qalır:

“Turizmdə mövsümilik amili xüsusilə əhəmiyyətlidir. Hotellər əsas gəlirlərini ilin təxminən dörd aylıq pik turizm dövründə əldə edir, digər aylarda fəaliyyətlərini daha aşağı gəlirlə, bəzi hallarda isə zərərlə davam etdirirlər. Bu il bir qədər fərqli oldu. Kiçik və orta ölçülü hotellərin əksəriyyətində zərərlər müşahidə olundu. Gələn turistlərin sayının azlığı fonunda hotellər qiymətləri də artıra bilmirlər. Rəqabət mühitində, xüsusilə 3-4 ulduzlu kiçik və orta ölçülü hotellər arasında qiymət rəqabəti daha da kəskinləşir".

C.Aşurov deyib ki, gəlirlərin azalması ilə yanaşı, hotellərin xərcləri də artıb. İnflyasiya, əməkhaqqı və digər sabit xərclərin yüksəlməsi, həmçinin ərzaq və müxtəlif ləvazimatların bahalaşması hotel biznesinin maliyyə yükünü artırıb. O hesab edir ki, sektorda əsas çıxış yollarından biri turist axınının artırılmasıdır.

Ekspert bildirdi ki, turistlərin sayı artarsa, bu, təkcə qiymət rəqabəti yox, keyfiyyət və xidmət üzrə də rəqabəti ön plana çıxaracaq.

C.Aşurov vurğulayıb ki, turist axınının artırılması istiqamətində yeni addımların atılması vacibdir:

"Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2026–2030-cu illər üzrə turizmin inkişafı Dövlət Proqramı bu baxımdan əhəmiyyətlidir. Düşünürük ki, gələn ildən etibarən burada atılan addımlar mərhələli şəkildə həyata keçirilməklə ölkədə turizm sənayesinin canlanmasına səbəb olacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR