Sentyabrda tıxaclar artıb: "Yolların təmirində yeni yanaşma olmalıdır"

Sentyabrda tıxaclar artıb: "Yolların təmirində yeni yanaşma olmalıdır"
Kateqoriya məlum deyil
T

Yeni tədris mövsümünün başlamasına çox az vaxt qalıb. Lakin bu kritik dövr öncəsində Bakının bəzi əsas yollarında təmir və yenidənqurma işlərinin aparılması paytaxtın nəqliyyat sistemində ciddi gərginlik yaradıb, şəhərin əsas arteriyalarında sıxlığın kəskin artmasına səbəb olub. Yol hərəkətində müxtəlif dəyişikliklərin edilməsinə baxmayaraq, təmir prosesi onsuz da yüklənmiş yollarda zəncirvari tıxacları da qaçılmaz edir.

Bəs bu təmir işləri dərslərin başlamasına qədər yekunlaşmasa yollarda hərəkət daha da çətinləşəcəkmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Sfera.az-a açıqlamasında bildirib ki, mövcud yollarda yaranan yüklənməni azaltmaq üçün alternativ marşrutların əvvəlcədən müəyyənləşdirilməsi və hərəkətin düzgün təşkil olunması vacibdir.

Onun sözlərinə görə, yeni dərs mövsümünün başlaması ilə Bakının yollarında sıxlığın daha da artacağı yəqindir. O qeyd edib ki, çünki bu dövrdə həm şəxsi avtomobillərin, həm də ictimai nəqliyyatın hərəkət intensivliyi yüksəlir:

“Belə vəziyyətdə təmir-tikinti işlərini həyata keçirən idarə və təşkilatlar görüləcək işlər barədə əhalini əvvəlcədən məlumatlandırmalıdır. Bununla yanaşı, sürücülərin və piyadaların hərəkəti üçün alternativ yollar müəyyən edilməli və həmin istiqamətlər barədə məlumat verilməlidir.

Yolların təmiri zamanı təşkilatlar yalnız asfaltın döşənməsi kimi texniki işləri düşünməməli, eyni zamanda nəqliyyatın hərəkətinin necə təmin olunacağını planlaşdırmalıdır. Tikinti normalarına və hərəkətin tənzimlənməsi ilə bağlı hüquqi-inzibati tələblərə vaxtında və dəqiq əməl edilməsi yollarda süni şəkildə yaranan əlavə yüklənmənin qarşısını alacaq".

E.Cəfərovun fikrincə, təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti xəbərdaredici və məlumatverici nişanların quraşdırılması da mühüm əhəmiyyət daşıyır.

O qeyd etdi ki, bu nişanlar sürücülərə qarşıdakı məhdudiyyətlər barədə əvvəlcədən məlumat verməklə onların alternativ istiqamətlərə yönəlməsinə imkan yarada bilər:

“Yolların təmiri zamanı yalnız işlərin texniki tərəfi deyil, nəqliyyatın hərəkətinin necə təşkil olunacağı da nəzərə alınmalıdır. Tikinti normalarına və hərəkətin tənzimlənməsi ilə bağlı tələblərə vaxtında əməl edilməsi yollarda yaranan əlavə sıxlığın qarşısını almağa kömək edə bilər.

Təmir aparılan hər bir ərazidə həm sürücülər, həm də piyadalar üçün əvvəlcədən düşünülmüş və hazırlanmış alternativ hərəkət yolları müəyyən edilməlidir. Alternativ küçələrin buraxılış qabiliyyəti yoxlanılmalı və nəqliyyat axını ətraf yollara bərabər şəkildə paylanmalıdır".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR