Logistika güzəşti kifayətdirmi? - AÇIQLAMA

Azərbaycanda qeyri-neft sektorunun inkişafı və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir addım atılıb. Sentyabrın 1-dən etibarən qeyri-neft ixracatçılarının daşıma xərclərinin 70%-dək hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmi qüvvəyə minib. Logistika xərclərinin optimallaşdırılmasına yönələn bu mühüm qərar yerli istehsalçıların qlobal bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, məhsulların maya dəyərinin əhəmiyyətli dərəcədə azaldılmasına və ixrac potensialının stimullaşdırılmasına xidmət edir.
İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, sentyabrın 1-dən qeyri-neft ixracatçılarının daşıma xərclərinin 70%-dək hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması sahibkarlar üçün müsbət addımdır.
Lakin onun sözlərinə görə, məsələyə daha geniş iqtisadi çərçivədən yanaşmaq lazımdır.
İqtisadçı qeyd edib ki, Azərbaycan sahibkarının əsas problemi yalnız logistika xərcləri ilə bağlı deyil:
"Logistika və ixrac daşınması sahibkarın ümumi xərc strukturunda çox zaman məhdud paya malikdir. Məhsulun xarici bazarda rəqabət qabiliyyətini isə əsasən istehsal xərcləri, enerji və xammal qiymətləri, maliyyələşmə, vergi və inzibati yük, əmək məhsuldarlığı, texnologiya, sertifikatlaşdırma, məhsulun keyfiyyəti və marketinq xərcləri müəyyən edir.
Daşıma xərclərinin 70%-nin subsidiyalaşdırılması müəyyən məhsullar üçün əhəmiyyətli üstünlük yarada bilər, amma bütövlükdə qeyri-neft ixracının rəqabət qabiliyyəti problemini həll etmir. Əslində, burada iqtisadi modelin özünü təkmilləşdirmək lazımdır. Dövlət sahibkara yalnız xərcinin bir hissəsini kompensasiya edən modeldən tədricən məhsuldarlığı və əlavə dəyəri artıran modelə keçməlidir”.

O deyib ki, sahibkarın maliyyə resurslarına çıxışı bahadırsa, enerji və xammal xərcləri yüksəkdirsə, texnologiyası köhnə və məhsuldarlığı aşağıdırsa, logistika xərclərinin subsidiyalaşdırılması məhsulu uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli etməyəcək. Onun fikrincə, burada əsas suallardan biri Azərbaycanın məhsullarının xarici bazarlara çıxarılarkən niyə dövlət tərəfindən daşınma xərclərinin subsidiyalaşdırılmasına ehtiyac duyulmasıdır:
"Məhsulun maya dəyəri rəqib ölkələrdən yüksəkdirsə, problemin həlli yalnız logistika xərclərinin azaldılmasından ibarət olmamalıdır. Problemin kökündə istehsalın səmərəliliyi dayanır. Ona görə ixrac siyasətində əsas göstərici subsidiyanın məbləği deyil, subsidiyanın yaratdığı əlavə iqtisadi nəticə olmalıdır. 1 manat dövlət dəstəyi neçə manat əlavə ixrac yaradır? Neçə yeni müəssisənin xarici bazara çıxmasına imkan verir? Məhsulun yerli əlavə dəyərini nə qədər artırır? İxracatçının dövlət dəstəyindən asılılığını azaldır, yoxsa artırır?”.
İqtisadçı hesab edir ki, növbəti mərhələdə dövlətin əsas diqqəti logistika subsidiyasından daha çox istehsalın maya dəyərinin aşağı salınmasına, ucuz və uzunmüddətli maliyyələşməyə, texnoloji yenilənməyə, məhsuldarlığın artırılmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına yönəlməlidir:
“Rəqabət qabiliyyətli ixracatçı dövlət subsidiyasına möhtac olan deyil, dövlət dəstəyi ilə rəqabət üstünlüyü qazandıqdan sonra həmin dəstəyə ehtiyacı azalan sahibkardır. Logistika subsidiyası düzgün addım ola bilər. Amma bu, iqtisadi modelin özü deyil, həmin modeli dəstəkləyən alətlərdən yalnız biridir”.
İradə Elsevər






