Ermənistanla kommunikasiyaların bərpası: Regional ticarəti gücləndirəcək?

Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi kontekstində regional kommunikasiyaların və yeni nəqliyyat yollarının açılması məsələsi gündəmdədir. Bu çərçivədə formalaşacaq yeni logistik marşrutlar, xüsusilə Zəngəzur dəhlizi, təkcə iki ölkə arasındakı iqtisadi əlaqələrə deyil, bütövlükdə regionun ticarət arxitekturasına köklü təsir göstərmək potensialına malikdir. Blokadanın aradan qaldırılması Azərbaycanın daxili və beynəlxalq yükdaşıma imkanlarını genişləndirməklə yanaşı, ölkənin tranzit gəlirlərinin artmasına və strateji tərəfdaşı olan Türkiyə ilə birbaşa quru ticarətinin yeni müstəviyə keçməsinə zəmin yaradır.
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, həm Zəngəzur dəhlizinin açılması, həm də Ermənistanla digər nəqliyyat əlaqələrinin bərpa edilməsindən sonra Azərbaycanın Türkiyə ilə nəqliyyat əlaqələrində məsafənin və yükdaşıma müddətinin azalması imkanı yaranacaq.
O bildirib ki, eyni zamanda, Naxçıvana yüklərin daşınması üçün sərf olunan vaxtın da əhəmiyyətli dərəcədə qısalacağı gözlənilir.
İqtisadçının sözlərinə görə, nəqliyyat yollarının açılması yükdaşıma xərclərinin azalmasına da şərait yaradacaq. O qeyd edib ki, Naxçıvanda istehsal olunan məhsulların Azərbaycanın digər ərazilərinə daşınması zamanı nəqliyyat xərcləri mühüm rol oynayır.

Ekspert söyləyib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu xərclərin aşağı düşməsinə, eləcə də yüklərin daha qısa müddətdə daşınmasına imkan verə bilər:
“Dəhlizin digər üstünlüklərindən biri yükdaşıma imkanlarının genişlənməsidir. Hazırda Azərbaycanla Türkiyə arasında dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti mövcuddur. Lakin həmin marşrut Zəngəzur dəhlizi ilə müqayisədə daha uzundur və relyef baxımından da fərqlənir. Zəngəzur marşrutunun keçdiyi ərazinin relyefi yükdaşımaların həyata keçirilməsi baxımından əlverişlidir. Marşrutun əsas üstünlüklərindən biri ərazinin daha düzənlik olması və dağlıq ərazilərdən keçməməsidir. Bu amil dəhlizin ilboyu fasiləsiz fəaliyyət göstərməsi baxımından əhəmiyyətli hesab olunur”.
X.Kərimli söyləyib ki, dəhlizin istifadəyə verilməsi Azərbaycanın Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin bərpasına və Naxçıvanın uzun müddətdir mövcud olan nəqliyyat məhdudiyyətlərindən çıxmasına imkan yaradacaq. İqtisadçı hesab edir ki, digər yeni nəqliyyat marşrutlarının da açılması Azərbaycan, Ermənistan və Türkiyə arasında ticarət əlaqələrinin genişlənməsinə şərait yarada bilər:
“Regional əhəmiyyət yalnız bu ölkələrlə məhdudlaşmır. Ticarət yollarının açılması, nəqliyyat marşrutlarının istifadəyə verilməsi Mərkəzi Asiyadan Türkiyə və Avropaya, eləcə də Avropadan Mərkəzi Asiyaya yüklərin daşınması üçün alternativ nəqliyyat kanalının formalaşmasına imkan verə bilər”.
İradə Elsevər






