Qeyri-neft sektorunu necə canlandırmaq olar? - Ekspertlərdən TƏKLİFLƏR

Azərbaycanda son vaxtlar iqtisadiyyatın qeyri-neft-qaz sektorunda Ümumi Daxili Məhsul (ÜDM) istehsalında artımın sürətinin zəifləməsi müşahidə edilir. Əvvəllər qeyri-neft-qaz ÜDM-də artım sürəti 5-7 faiz olurdusa, hazırda artım sürəti 2 faiz səviyyəsindədir.
Sfera.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərov deyib ki, qeyri-neft sektorunun inkişafı ilə ÜDM artımının sürətlənməsi bir-biri ilə sıx bağlı məsələlərdir.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi canlanmanın təmin olunması üçün ilk növbədə investisiyaların həcmi artırılmalıdır.

N.Cəfərov qeyd edib ki, bununla yanaşı, kiçik və orta sahibkarlara daha çox dəstək verilməlidir. Onun sözlərinə görə, sahibkarların yeni iş yerləri yaratması və əlavə dəyər formalaşdırması üçün daha əlverişli biznes mühiti yaradılmalı, bu məqsədlə yeni vergi qanunvericiliyinə ehtiyac var:
“Gömrük rüsumları ilə bağlı qaydaların da yenidən nəzərdən keçirilməsi vacibdir. Iqtisadi fəallığın artırılması üçün yalnız ayrı-ayrı tədbirlərlə kifayətlənmək olmaz, kompleks və köklü islahatlar həyata keçirilməlidir. Yalnız bu zaman qeyri-neft sektorunda inkişaf və ÜDM-in artım sürəti yüksələ bilər”.
İqtisadçı Eyyub Kərimli isə söyləyib ki, mikro, kiçik və orta sahibkarlara güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiqi, işğaldan azad olunmuş ərazilərdə daha əlverişli vergi imkanlarının yaradılması qeyri-neft sektorunun inkişafına ciddi təkan verə bilər:
“Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və fermerlərə sahəvi güzəştlərin verilməsi həm qeyri-neft sektorunun inkişafına, həm də ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər”.

İqtisadçı hesab edir ki, alternativ və bərpa olunan enerjinin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və Orta Dəhlizin potensialından daha səmərəli istifadə də iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi də qeyri-neft sektorunda yeni inkişaf imkanları yaradır.
İradə Elsevər






