Naxçıvanda yenilik: 10 illik vergi güzəştləri qüvvəyə mindi

Azərbaycan Prezidentinin Naxçıvanda qeyd etdiyi vacib istiqamətlərdən biri də Naxçıvan, Şərqi Zəngəzur, Qarabağın vahid konsepsiya əsasında inkişaf etməsi ilə bağlı idi. Vahid konsepsiya yalnız yaşıl zonanın yaradılmasını deyil, eləcə də iqtisadi inkişafın vahid strategiya üzrə dəstəklənməsini özündə ehtiva edir.
Bəs Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığı stimullaşdırmaq üçün 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilən güzəştlər artıq bu ildən Naxçıvanda da tətbiq olunur.

Onun sözlərinə görə, bu, güzəştlər sahəsində vahid yanaşma deməkdir:
“Belə ki, Naxçıvanda fəaliyyət göstərən və istehsal ilə məşğul olan sahibkarlar növbəti 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azad edilib, həmçinin müvafiq texnika, xammal və avadanlıqların idxalında ƏDV güzəştləri tətbiq olunur.
Əsas vergi güzəştlərinə gəldikdə isə, Naxçıvanda vergi uçotunda olan və istehsal ilə məşğul olan rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergi ödəməyəcəklər. Vergi azadolmaları rezidentlərin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə etdikləri satışdankənar gəlirlərinə də şamil edilir. Naxçıvanda fəaliyyət göstərən hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də 10 il müddətində vergidən azaddır. ƏDV qeydiyyatında olan rezidentlər tərəfindən təsdiqedici sənəd əsasında siyahıya uyğun texnika, texnoloji avadanlıq, qurğu, habelə xammal və materialların idxalı da ƏDV-dən azaddır”.
Millət vəkili qeyd edib ki, bu güzəştlər Naxçıvanda sahibkarlığın inkişafına xüsusi dəstəkdir və muxtar respublikanın maliyyə imkanlarının genişlənməsinə, daxili mənbələrdən büdcə daxiolmalarının artmasına şərait yaradacaq.
Firuzə Əliyeva






