ABŞ-nin neft ehtiyatları minimum səviyyəyə enib

ABŞ-ın Strateji Neft Ehtiyatında (Strategic Petroleum Reserve, SPR) xam neft ehtiyatları 300 mln. bareldən aşağı düşərək 40 ildən artıq müddətdə ən aşağı səviyyəyə enib.
Sfera.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına əsasən, ötən həftə SPR-də neft ehtiyatları 6,1 mln. barel azalaraq 298,7 mln. barelə düşüb. Bu, 1983-cü ilin yanvarından bəri ən aşağı göstəricidir.
Məlumata görə, 1975-ci ildə yaradılan Strateji Neft Ehtiyatının ümumi saxlama tutumu 714 mln. bareldir.
Qeyd olunur ki, mart ayında ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazından neft ixracını məhdudlaşdırmasından sonra 172 mln. barel neftin ehtiyatdan buraxılmasına göstəriş verib. Bu addım tarixdə xam neft tədarükündə ən böyük pozuntu fonunda atılıb.
Bildirilir ki, SPR-də ehtiyatların azalması ABŞ hökumətinin strateji neft ehtiyatlarının tükənmək üzrə olub-olmaması ilə bağlı suallar yaradıb. ABŞ Energetika Nazirliyinin məlumatına görə, SPR-nin təhlükəsiz fəaliyyətini təmin etmək üçün tələb olunan minimum neft həcmi təxminən 70 mln. bareldir.






