Debet kartların sayı artacaq? - Limitə qarşı yeni variant

Kartdan-karta pul köçürmələrinə tətbiq edilən limitlər gündəlik çoxsaylı əməliyyat aparan şəxslər üçün yeni suallar yaradıb. Gün ərzində çox əməliyyat aparan şəxslər məhdudiyyətlə üzləşməmək üçün yeni yollar axtarışındadırlar.
Ehtimal edilən variantlardan biri daha çox debet karta sahib olmaqdır.
Bəs bu qaydalar vətəndaşları daha çox bank kartı almağa sövq edə bilərmi?
İqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, kartdan-karta köçürmələrə tətbiq edilən yeni limitlər gündəlik çoxsaylı əməliyyat aparan bəzi istifadəçilərin əlavə bank kartı əldə etməyə marağını artıra bilər.
Bununla belə ekspert hesab edir ki, bu üsul məhdudiyyətlərdən yayınmaq üçün effektiv deyil. Onun fikrincə, bankların riskə nəzarət mexanizmləri və əməliyyatların izlənilməsi buna imkan verməyə bilər.

Ekspert bildirib ki, bir nəfərin əldə edə biləcəyi bank kartlarının sayı ilə bağlı vahid qayda yoxdur:
"Bu məsələ hər bir bankın daxili siyasətindən, müştərinin maliyyə vəziyyətindən və risk qiymətləndirməsindən asılı olaraq müəyyən edilir".
Onun sözlərinə görə, əlavə kartların alınması halları artarsa, banklar kart verilməsi qaydalarını daha da sərtləşdirə bilərlər.
Xatırladaq ki, Mərkəzi Bankın yeni qaydalarına əsasən, fiziki şəxslərin kartdan-karta köçürmələrinə limit tətbiq edilib. Qaydalar avqustun 1-dən qüvvəyə minib.
İradə







