Pensiyaya daha tez çıxmaq üçün şərtlər açıqlandı

Azərbaycanda pensiya yaşı mərhələli şəkildə artırılsa da, qanunvericilik bəzi vətəndaş kateqoriyalarına yaşa görə pensiyaya daha erkən çıxmaq hüququ tanıyır. Ağır və zərərli əmək şəraitində çalışanlar, xüsusi peşə sahibləri, eləcə də müəyyən sosial statusa malik şəxslər üçün tətbiq olunan bu güzəştlər vaxtaşırı ictimai müzakirələrə səbəb olur.
Bəs kimlər pensiyaya daha tez çıxmaq hüququna malikdir, bu güzəştlər hansı meyarlar əsasında müəyyən edilir və mövcud mexanizm sosial ədalət prinsiplərinə nə dərəcədə cavab verir?
Sfera.az bildirir ki, hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququ ümumi qaydalarla yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştli şərtlərlə də təmin olunur.
Onun sözlərinə görə, erkən pensiya hüququ sosial müdafiənin gücləndirilməsi və xüsusi əmək və xidmət şəraitində çalışan şəxslərin hüquqlarının qorunması məqsədi daşıyır:
“"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ hüquqi aktlara əsasən, qanunda müəyyən edilmiş şərtləri ödəyən çoxuşaqlı analar, əlilliyi olan uşağı müəyyən yaşa qədər tərbiyə etmiş valideynlər, ağır və zərərli əmək şəraitində çalışan şəxslər, həmçinin hərbi qulluqçular və bəzi xüsusi dövlət xidmətlərində çalışan şəxslər erkən pensiya hüququndan yararlana bilərlər.
Bu güzəştlərin tətbiqi konkret hüquqi meyarlar əsasında həyata keçirilir. Əsas meyarlar sırasında tələb olunan sosial sığorta stajının və ya xüsusi xidmət stajının mövcudluğu, qanunvericilikdə nəzərdə tutulmuş pensiya kapitalının formalaşması, əmək şəraitinin xüsusiyyətləri, eləcə də ailə və sosial statusun müvafiq sənədlərlə təsdiq edilməsi yer alır.
Erkən pensiya hüququ avtomatik qaydada yaranmır. Hər bir müraciət fərdi qaydada qiymətləndirilir və hüququn tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərin ödənilməsi vacibdir. Bu səbəbdən, vətəndaşların pensiya hüquqları ilə bağlı müraciət etməzdən əvvəl əmək stajı, fərdi uçot məlumatları və digər hüquqi əsasları diqqətlə yoxlamaları tövsiyə olunur.
Erkən pensiya institutunun tətbiqi sosial ədalət prinsiplərinin həyata keçirilməsinə, xüsusi əmək və xidmət şəraitində çalışan şəxslərin sosial təminatının gücləndirilməsinə, eləcə də həssas sosial qrupların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir”, – hüquqşünas fikrini tamamlayıb.






