Maaş və pensiya kartları ilə bağlı qaydaları dəyişir – Vətəndaşları nə gözləyir?

Maaş və pensiya kartları ilə bağlı qaydaları dəyişir – Vətəndaşları nə gözləyir?
Kateqoriya məlum deyil
T

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.


O, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmaların tətbiq ediləcəyini elan edib.


"Hazırda texniki işlər görülür", – deyə Mərkəzi Bankın sədri qeyd edib.


T.Kazımov bu addımın rəqabətliliyin artırılmasına təkan verəcəyini deyil.

Maaş və pensiya kartları bazarında rəqabətin artırılması üçün hansı yeni mexanizmlər tətbiq oluna bilər? Ehtimallar nələrdir?

Məsələ ilə bağlı bank eksperti Emin Kərimov Sfera.az-a açıqlama verib. O bildirib ki, bu məsələyə iki kontekstdən baxmaq olar:

“Birinci növbədə əməkhaqqı kartları, ikinci növbədə isə təqaüd kartları baxımından. Əməkhaqqı kartları ilə bağlı daha əvvəl də bildirilmişdi ki, hazırda təşkilatlar əməkhaqqı kartlarını əməkdaşlıq etdikləri banklardan sifariş edirlər. Yeni təklif isə işçilərə əməkhaqqı kartını istədikləri bankdan sifariş etmək imkanı verilməsini nəzərdə tutur. Digər mühüm məqam isə odur ki, bir bankın, məsələn, A bankının müştərisi B bankının bankomatından istifadə edərkən komissiya ödəməsin. Hazırda əməkhaqqı kartından başqa bankın bankomatı vasitəsilə nağdlaşdırma zamanı müəyyən məbləğdə komissiya tutulur. Təklif ondan ibarətdir ki, bu komissiya ya tamamilə ləğv edilsin, ya da vahid tarif müəyyən edilsin. Beləliklə, işçilər və digər kart sahibləri əlavə maliyyə yükü ilə üzləşməzlər. Yəni bütün banklar üçün vahid tarif siyasəti tətbiq oluna bilər ki, bu da həm banklar, həm də müştərilər üçün əlverişli olsun”.


Ekspert təqaüd kartlarında da bu mexanizm tətbiq olunacağının ehtimal olduğunu bildirib:


“Xüsusilə regionlarda bank və bankomat şəbəkəsinin zəif inkişaf etdiyi ərazilərdə vətəndaşın yaşadığı əraziyə uyğun bankdan təqaüd kartı əldə etməsi mümkün ola bilər. Məsələn, Lerikdə, Yardımlıda və ya Kəlbəcərdə yaşayan şəxsin yaşadığı ərazidə A bankının filialı və ya bankomatı varsa, lakin pensiyasını B və ya C bankı vasitəsilə alırsa, o, istəyi əsasında həmin bankdan xidmət ala və ya pensiyasının həmin bankın kartına köçürülməsini tələb edə bilər. Bu zaman komissiya tutulmaması da əsas şərtlərdən biri ola bilər. Ümumilikdə, bu dəyişikliklər mövcud komissiyaların, məhdudiyyətlərin və digər maneələrin sistemli şəkildə aradan qaldırılmasını nəzərdə tuta bilər. Buraya məcburi şəkildə müəyyən bankın əməkhaqqı kartından istifadə edilməsi, eləcə də təqaüd kartlarının əsasən iki bank üzərində cəmləşməsi kimi problemlərin aradan qaldırılması daxildir. Bu maneələrin daha müasir və çevik mexanizmlərlə əvəz olunması mümkündür.

Eyni zamanda, A bankının müştərisi B bankından xidmət alarkən əlavə üstünlüklərdən də yararlana bilər. Buraya yüksək keşbek faizləri, müxtəlif güzəştlər, güzəştli kreditlər və digər bank məhsulları aid edilə bilər. Ümumilikdə məqsəd müştəri məmnuniyyətinin artırılmasıdır. Çünki həm əməkhaqqı, həm də təqaüd alan müştərilər bank sektorunun ən böyük müştəri seqmentlərindən biridir. Bu baxımdan, bütün bankların həmin seqmentdən daha səmərəli istifadə etməsi üçün bərabər imkanların yaradılması vacibdir. Yəni vətəndaş maaşını və ya pensiyasını A bankı vasitəsilə alırsa, yalnız həmin bankın xidmətlərindən istifadə etməyə məcbur qalmamalıdır. Bu yanaşma həm də bazarda rəqabətin güclənməsinə, inhisarçılıq meyllərinin azalmasına müsbət təsir göstərə bilər. Beləliklə, vətəndaş maaş kartını A bankından alsa belə, B bankından da oxşar şərtlərlə kredit, digər bank məhsulları, endirimlər, yüksək keşbek və daha uzunmüddətli taksit imkanlarından yararlana bilər. Qeyd etdiyimiz məqamlar hazırkı bazar vəziyyətinə əsaslanan proqnozlardır. Düşünürəm ki, bir-iki aydan sonra tətbiq olunacaq yeniliklər artıq praktiki olaraq görünəcək və sadaladığımız islahatların da həmin dəyişikliklərin tərkib hissəsi olacağı gözlənilir”.

E.Kərimov üçüncü əsas məsələnin də bankomat problemi olduğunu qeyd edib:


“Hazırda ölkədə bankomatların sayı kifayət qədər olsa da, onlar əsasən iri şəhərlərdə cəmləşib. Regionlarda, xüsusilə dağlıq ərazilərdə isə bankomat şəbəkəsinin zəif inkişaf etməsi həm təbii-coğrafi şərait, həm də tələbatla bağlıdır. Çünki bankomatların saxlanılması və onlara xidmət göstərilməsi banklar üçün əlavə xərc tələb edir. Buna görə də banklar onları daha çox iqtisadi cəhətdən səmərəli hesab etdikləri ərazilərdə yerləşdirirlər. Bu baxımdan, bankomat şəbəkəsinin zəif olduğu ərazilərdə A, B və ya C bankının müştərilərinin digər bankların bankomatlarından komissiyasız istifadə etməsi istiqamətində də sistemli dəyişikliklər edilə bilər. Yəni maaş və pensiya kartlarından digər bankların bankomatlarında nağdlaşdırma zamanı komissiyanın tutulmaması gələcəkdə nəzərdən keçirilə bilər.

Həm maaş, həm də pensiya üzrə rəqəmsal kartların açılması imkanının yaradılması, eləcə də depozit kartı funksiyasının təqdim edilməsi innovativ yeniliklərdən biri hesab oluna bilər”.


Bəsti Rəfizadə

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR