İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır

ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması İran milli valyutasının dəyərsizləşməsini daha da sürətləndirib.
Son günlər bölgədə artan gərginlik fonunda əhali dollar və qızıl almağa üstünlük verir ki, bu da rialın növbəti dəfə kəskin ucuzlaşmasına səbəb olub.
Sfera.az xəbər verir ki, hazırda İranın qeyri-rəsmi valyuta bazarında 1 Azərbaycan manatı 1 milyon 96 min 900 İran rialına (109 min 690 tümən) satılır. Bu göstərici Azərbaycan manatının İran rialı qarşısında son illərin ən yüksək səviyyələrindən birinə çatdığını göstərir.
ABŞ-İran hərbi gərginliyi yenidən başlayandan sonra İran rialı qısa müddətdə təxminən 10 faizədək dəyər itirib. Hazırda azad bazarda 1 ABŞ dolları 1,9 milyon rialdan yuxarı satılır. Analitiklər bildirirlər ki, müharibə riski artdıqca investorlar və vətəndaşlar milli valyutadan uzaqlaşaraq xarici valyutalara üstünlük verirlər. Əslində, İran rialının dəyərsizləşməsi son ayların deyil, illərin problemidir.
2016-cı ildə azad bazarda 1 ABŞ dolları təxminən 34 min rial idi. Lakin 2018-ci ildə ABŞ-nin nüvə sazişindən çıxması və İrana qarşı sərt iqtisadi sanksiyaları bərpa etməsindən sonra rial sürətlə ucuzlaşmağa başladı. Sonrakı illərdə proses daha da dərinləşdi. 2020-ci ildə dolların məzənnəsi 300 min riala yaxınlaşdı, 2022-ci ildə 600-700 min rialı keçdi, 2025-ci ildə isə 1 milyon rial həddini aşdı. Hazırda isə dolların məzənnəsi bəzi günlərdə 1,9 milyon rialdan da yuxarı qalxır. Mütəxəssislərin fikrincə, rialın davamlı ucuzlaşmasının əsas səbəbləri ABŞ və Qərb sanksiyaları, yüksək inflyasiya, büdcə kəsiri, pul kütləsinin sürətlə artması, neft gəlirlərinin azalması və regionda davam edən hərbi-siyasi gərginlikdir.
Bütün bunlar milli valyutaya olan etimadı zəiflədir. Azərbaycan manatının isə uzun illərdir sabit qalması fərqin daha da böyüməsinə səbəb olur. Mərkəzi Bankın tətbiq etdiyi məzənnə siyasəti nəticəsində 1 ABŞ dolları 1,70 manat səviyyəsində saxlanılır. Ölkənin neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri də manatın sabitliyini dəstəkləyən əsas amillərdən hesab olunur. Nəticədə İran rialı hər dəfə dəyər itirdikcə Azərbaycan manatı qonşu ölkənin valyutası qarşısında daha da bahalaşır. Hazırkı məzənnəyə əsasən, 100 Azərbaycan manatı təxminən 109 milyon 690 min İran rialına bərabərdir ki, bu da İran milli valyutasının son illərdə üzləşdiyi dərin böhranın miqyasını aydın şəkildə göstərir.
Firuzə Əliyeva
