Kirayə mənzil qaydaları dəyişdi: Vasitəçilərin fəaliyyəti məhdudlaşdırılır
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə edilən dəyişikliklərdən sonra mənzil əldə etmək istəyən vətəndaşlar üçün yeni şərtlər müəyyənləşib. Kirayə hüququnun başqa şəxsə ötürülməsi üçün müddətin üç ilə qaldırılması, mexanizmdən təkrar yararlanmaq üçün beş il gözləmə tələbinin tətbiqi və kredit tarixçəsinə dair meyarların yenilənməsi sosial mənzil imkanlarından daha ədalətli istifadəyə hesablanıb.
Bəs bu yeniliklər mənzilə ehtiyacı olan vətəndaşlara necə təsir edəcək?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətin sədri ekspert Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirib ki, edilən dəyişikliklər ilk baxışdan şərtlərin sərtləşdirilməsi kimi görünsə də, əslində sosial layihənin əsas məqsədinə çatmasına və sosial ədalət prinsipinin qorunmasına xidmət edir.
Ekspertin sözlərinə görə, əvvəllər vətəndaşlar bir il keçdikdən sonra kirayə mənzili əldə etmək hüququnu başqa şəxsə ötürə bilirdilərsə, yeni qaydalarla bu müddətin üç ilə çatdırılması nəzərdə tutulub:
“Bu addım vasitəçilərin və spekulyativ məqsədlərlə prosesə qoşulan şəxslərin mexanizmdən sui-istifadə imkanlarını məhdudlaşdıracaq. Üçillik müddətin tətbiqi hüququn bir şəxsdən digərinə qısa zamanda ötürülməsinin qarşısını alacaq. Beləliklə, prosesdə mənzilə həqiqətən ehtiyacı olan vətəndaşların iştirakına daha geniş imkan yaranacaq”.
V.Oruc qeyd edib ki, mexanizmdən yararlandıqdan sonra yenidən müraciət etmək üçün beşillik müddətin müəyyənləşdirilməsi də eyni məqsədə xidmət edir. Onun fikrincə, bu dəyişiklik bir şəxsin qısa müddət ərzində dəfələrlə həmin hüquqdan istifadə etməsini məhdudlaşdırır və daha çox vətəndaşın mənzil əldə etmək imkanını artırır:
“İpoteka və Kredit Zəmanət Fondundan kredit götürmüş vətəndaşların satmaq öhdəliyi ilə kirayə mexanizmindən də yararlanmasına qoyulan məhdudiyyət də ədalətli yanaşma kimi qiymətləndirilməlidir. Çünki artıq mənzil əldə etmək imkanından yararlanmış şəxslərin əlavə sosial mənzil imkanlarına müraciət etməsinin məhdudlaşdırılması mənzili olmayan vətəndaşların maraqlarını qorumağa yönəlib”.

Kredit tarixçəsinə dair tələblərin yenilənməsinə toxunan ekspert deyib ki, bu şərtlər mexanizmdə iştirak edən şəxslərin uzunmüddətli ödəniş qabiliyyətinin qiymətləndirilməsinə xidmət edir:
“Kredit tarixçəsində problemləri və uyğunsuzluqları olan şəxslərin müraciətlərinə münasibətdə yeni meyarların tətbiqi ödəniş öhdəliklərinin davamlı yerinə yetirilməsini təmin etmək məqsədi daşıyır”.
Ekspert düşünür ki, bu yanaşma vətəndaşın müəyyən müddət ödəniş etdikdən sonra maddi çətinliklə üzləşərək hüququnu başqa şəxsə ötürməsi hallarının qarşısını almağa da hesablanıb:
“Dəyişikliklər nəticəsində vasitəçilərin prosesə müdaxiləsi iqtisadi baxımdan sərfəsiz olacaq və onların bu mexanizmdən sui-istifadə imkanları azalacaq. Yeni qaydalar ümumi müraciət imkanlarını müəyyən qədər məhdudlaşdırsa da, mənzili olmayan və həqiqətən ehtiyac duyan şəxslər üçün daha ədalətli şərait yaratmağa xidmət edir. Dəyişikliklərin əsas mahiyyəti sosial mənzil mexanizmini vasitəçilərin deyil, mənzilə ehtiyacı olan vətəndaşların maraqlarına uyğunlaşdırmaqdır”.
İradə Elsevər






