Logo

"Yenidənqurmaya 26 milyard vəsait ayrılıb"

"Yenidənqurmaya 26 milyard vəsait ayrılıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Oktyabr ayında işğaldan azad olunan 4 rayonumuzun şəhər günləri qeyd olunur. 3 gün öncə Zəngilanda keçirilən şəhər günü 2 gün sonra Qubadlıda qeyd ediləcək. Zəfərdən sonra işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və re-inteqrasiyası prosesi intensiv şəkildə davam etdirilməkdədir”.

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

"Yenidənqurmaya 26 milyard vəsait ayrılıb"

Millət vəkili qeyd edib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir:

“İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu bir daha Azərbaycanın gücünü təsdiq edir. Son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb”.

V.Bayramovun sözlərinə görə, Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb:

“Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17,4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb”.

Deputat əlavə edib ki, Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur:

“Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ iqtisadiyyatının re-inteqrasiya prosesi daha sürətlənmişdir. Zəfərdən sonra həyata keçirilən yenidənqurma və bərpa işləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb. İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir. 2 gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonunun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var. Bu iqtisadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır. Göründüyü kimi, Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR