“Galaxy S27 Ultra”da köklü dizayn dəyişikliyi gözlənilmir

“Samsung”un 2027-ci ilin əvvəlində təqdim etməyə hazırlaşdığı yeni flaqman smartfonu “Galaxy S27 Ultra” ilə bağlı yeni məlumatlar yayılıb. Son iddialara görə, şirkət cihazda gözlənildiyi kimi köklü dizayn dəyişikliyinə getməyəcək və “Ultra” seriyasının klassik görünüşünü qoruyacaq.
Sfera.az xəbər verir ki, məlumata görə, “Samsung” istehsal prosesini sadələşdirmək, artan xərcləri nəzarətdə saxlamaq və brend kimliyini qorumaq məqsədilə daha kiçik, lakin strateji dizayn dəyişikliklərinə üstünlük verir.
Tanınmış insayder “İce Universe” tərəfindən paylaşılan və arxa kamera modulunun tamamilə yenilənəcəyini iddia edən məlumatlar da son məlumatlarla təkzib edilib. Bildirilib ki, şirkət daxilində müxtəlif dizayn variantları sınaqdan keçirilsə də, çox müzakirə olunan minimalist üfüqi kamera düzülüşü bu seçimlər arasında yer almayıb.
“Galaxy S27 Ultra” modelində arxa kameralardan birinin çıxarılacağı barədə iddialar yeni kamera modulunun necə görünəcəyi ilə bağlı suallar yaratsa da, Samsung-un tamamilə yeni dizayn dilinə keçmək niyyətində olmadığı vurğulanıb. Şirkətin əsas məqsədi həm premium görünüşü qorumaq, həm də istehsalı daha praktik və səmərəli etməkdir.
Əgər bu strategiya dəyişməzsə, “Galaxy S27 Ultra” azaldılmış kamera sensorlarının yaratdığı kiçik dizayn düzəlişləri istisna olmaqla, xarici görünüş baxımından “Galaxy S26” Ultra modelinə xeyli bənzəyəcək.
Qeyd edək ki, bu yanaşma “Samsung”un son beş ildə “Ultra” seriyasında tətbiq etdiyi “kiçik, lakin effektiv dizayn yenilikləri” strategiyasına da uyğun gəlir.
“Galaxy S27 Ultra”nın rəsmi təqdimatının 2027-ci ilin ilk aylarında keçiriləcəyi gözlənilir. Buna görə də şirkətin təqdimata qədər dizayn üzərində müəyyən dəyişikliklər etməsi üçün hələ kifayət qədər vaxtı var.
Bəsti Rəfizadə
