“Samsung” yeni telefonunu satışa çıxarır

“Samsung” “Android 17” əsaslı yeni “One UI 9.0” istifadəçi interfeysini 22 iyul 2026-cı ildə keçiriləcək “Galaxy Unpacked” tədbirində rəsmi şəkildə təqdim edəcək. Yeni proqram təminatı həm dizayn, həm də funksionallıq baxımından istifadəçilərə bir sıra yeniliklər vəd edir.
Sfera.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi yeni interfeysi ilk dəfə qatlana bilən flaqman modelləri “Galaxy Z Fold 8” və “Galaxy Z Flip 8” ilə birlikdə nümayiş etdirəcək.
Məlumata görə, “One UI 9.0”ın stabil versiyasının yayımına 2026-cı ilin sentyabr ayında başlanılması planlaşdırılıb. Yenilənmə ilk mərhələdə “Galaxy S26” seriyası və qatlana bilən “Galaxy” modelləri üçün əlçatan olacaq. May ayında start verilən beta proqramı hazırda yalnız “Galaxy S26” ailəsini əhatə etsə də, yaxın vaxtlarda digər uyğun cihazlara da genişləndiriləcəyi gözlənilir.
Yeni versiyada qalınlaşdırılmış parlaqlıq tənzimləyicisi, dalğavari animasiyalara malik media pleyeri və təkmilləşdirilmiş “maye şüşə” (Liquid Glass) interfeys effektləri istifadəçilərin ixtiyarına veriləcək.
Bununla yanaşı, “Samsung Internet” brauzerinə süni intellekt əsaslı “Süni intellektdən soruş” funksiyası əlavə ediləcək, “Creative Studio” tətbiqi isə birbaşa sistemə inteqrasiya olunacaq.
“Android 17” əsaslı “One UI 9.0” sayəsində istifadəçilər tətbiqləri üzən pəncərələr (floating bubbles) şəklində aça biləcək, həmçinin tətbiqlərin yalnız müəyyən şəxslərə giriş icazəsi verməsi mümkün olacaq. Bundan əlavə, tərtibatçıların ekran istiqamətini məhdudlaşdırmasının qarşısı alınacaq ki, bu da müxtəlif ekran ölçülərinə uyğunluğu daha da yaxşılaşdıracaq.
Bəsti Rəfizadə
